AZƏRBAYCANIN ƏFQANISTAN İLƏ ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİNƏ DAİR MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
Seminardan əsas məqsəd İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin Əfqanıstanın yenidən qurulmasında yaxından iştirakının təmin edilməsi, iqtisadi və ticarət məsələlərində region ölkələri arasında sıx əlaqələrin qurulması, İƏT dövlətləri üçün Əfqanıstanın özəl sektorlarında əlverişli sərmayə mühitinin yaradılması və digər məsələlər müzakirə olunmuşdur.
İqtisadi Əməkdaşlıq Təşkilatının təklifinə əsasən ECO ölkələrinin maliyyə dəstəyi ilə Kabul şəhərində yeganə parkın salınması və onun “ECO dostluq parkı” adlandırılması barədə razılıq əldə edilmişdir.
ECO-nun 3-cü konfransında çıxış edən Azərbaycan səfiri Əfqanıstanın yenidən qurulmasında ölkəmizin dövlət və özəl strukturlarının, Ticarət Sənaye palatasının, Sahibkarlar Konfederasiyasının yaxından iştirak etmək niyyətində olduğunu bildirmiş, ECO çərçivəsində Azərbaycan ilə Əfqanıstan arasında əməkdaşlıq üçün əlverişli olan sahələr barədə məlumat vermişdir. Səfirin Əfqanıstan Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri, ticarət naziri Hedayət Əmin Ərsala ilə görüşündə ölkələrimiz arasında əlaqələrin mümkün sahələri üzrə fikir mübadiləsi aparılmış, nazir Azərbaycanın iş adamlarını Əfqanıstana dəvət etmişdir.
Konfransdan sonra səfir Eynulla Mədətli və səfirliyin Əfqanıstan məsələləri üzrə məsul əməkdaşı İbrahim Qafarov bu ölkədə Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) tərkibində xidmət edən Azərbaycan əsgərlərinin yerləşdiyi hərbi hissəyə gələrək onlarla görüşmüşlər. Hərbi hissənin komandiri polkovnik Ali Ülvi Alpat əsgərlərimizin xidmətindən razılığını bildirmiş, onların ən çətin bölgələrdə tapşırılan vəzifələri həmişə layiqincə yerinə yetirdiklərini vurğulamışdır.