AZƏRBAYCANIN GÖMRÜK XİDMƏTİNİN İNKİŞAFI TÜRKİYƏDƏ BÖYÜK MARAQLA İZLƏNİLİR
Gömrük xidməti general-leytenantı Aydın Əliyev qardaş ölkənin nümayəndə heyəti ilə görüşdən məmnun olduğunu söyləyərək, ölkələrimiz arasında əlaqələrin daim yüksələn xətlə inkişaf etdiyini nəzərə çatdırmış və bu münasibətlərin daha sarsılmaz olmasında “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” deyən ümummilli lider Heydər Əliyevin əvəzsiz rolunu vurğulamışdır.
Komitə sədri ölkəmizin xarici iqtisadi siyasətində Türkiyə ilə əlaqələrin daha da genişləndirilməsini vacib amil kimi daim diqqət mərkəzində saxlanılacağını, Azərbaycanda fəaliyyət göstərən türk iş adamları ilə tez-tez görüşdüklərini və bu görüşlərin davam etdiriləcəyini bildirmişdir. Türkiyə ilə Azərbaycan arasında iqtisadi-ticari əlaqələrin durmadan inkişaf etdiyini söyləyən A.Əliyev, ölkələrimizin ticarət dövriyyəsinin xeyli artdığını xüsusi vurğulamışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda hər bir sahədə olduğu kimi, iqtisadiyyatda da əldə edilən nailiyyətlərdən söhbət açan A.Əliyev, xarici iqtisadi münasibətlərdə Türkiyənin Azərbaycan üçün xüsusi önəm daşıdığını bildirərək, ümumillikdə qardaş ölkənin respublikamızla iqtisadi əlaqələrdə üçüncü sırada qərarlaşdığını məmnunluqla diqqətə çatdırmışdır.
Səmimi qəbula görə təşəkkürünü bildirən Türkiyənin Dövlət naziri Mehmet Aydın, Azərbaycanda sürətlə iqtisadi inkişaf tempindən xeyli məmnun qaldığını bildirmiş, qardaş ölkələrimizin istər iqtisadi, istərsə də siyasi və mədəni əlaqələrinin hazırkı durumunu yüksək qiymətləndirmişdir. Ölkələrimiz arasında ticarət dövriyyəsinin nəzərəçarpacaq dərəcədə artmasının sevindirici hal olduğunu söyləyən Dövlət naziri, dövriyyənin 1 milyard dollara çatdırılması üçün geniş imkanların mövcudluğunu, buna həm Türkiyənin, həm də Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatının imkan verdiyini bildirmişdir.
İqtisadi əlaqələrdə gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edən M.Aydın, Azərbaycan gömrük xidmətinin təkmilləşdirilməsi sahəsində ciddi dəyişikliklərin müşahidə olunduğunu məmnunluqla diqqətə çatdırmış, Dövlət Gömrük Komitəsinin bu istiqamətdəki səylərini yüksək qiymətləndirmişdir.
Daha sonra ölkələrimizin gömrük xidmətlərinin sıx əlaqələrindən söhbət açan A.Əliyev qeyd etmişdir ki, Azərbaycan gömrükçüləri üçün türkiyəli həmkarlarının təcrübəsi böyük maraq doğurur və hazırkı konkret olaraq dəniz sərhədlərinin mühafizəsi və bu sahədə istifadə olunan texniki nəzarət vasitələrinin öyrənilməsi üçün qarşılıqlı iş aparılır.
Görüşdə Türkiyənin ölkəmizdəki səfiri Turan Moralı iştirak etmişdir.