Azərbaycanın Latviyadakı səfirliyi bu ölkədə yaşayan vətəndaşlarımıza müraciət ünvanlayıb
Riqa, 14 mart, AZƏRTAC
Azərbaycanın Latviyadakı səfirliyi bu ölkədə COVID-19 yeni növ koronavirus infeksiyası ilə əlaqədar 2020-ci il martın 13-dən aprelin 14-nə kimi elan olunan fövqəladə vəziyyətlə bağlı Latviyada yaşayan vətəndaşlarımıza müraciət ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, səfirlik koronavirus infeksiyası ilə bağlı Latviya Respublikası hökuməti tərəfindən yayılan rəsmi məlumatlara və məsləhətlərə ciddi şəkildə əməl olunmasını tövsiyə edir.
Səfirliyimiz soydaşlarımızda COVID-19 yeni növ koronavirus infeksiyasına dair hər hansı sual olacağı təqdirdə Latviya Respublikasının Xəstəliklərin qarşısının alınması və Nəzarət Mərkəzinə +3716 7501590 və ya +371 67387661 telefon nömrələri vasitəsilə müraciət etmələrinin önəmli olduğunu bildirib.
Vətəndaşlarımıza yoluxma riskinin mümkün qədər azaldılması məqsədilə şəxsi gigiyena və təmizlik qaydalarına ciddi əməl edilməsi - əllərin sabunla tez-tez yuyulması, ictimai nəqliyyatdan mümkün qədər az istifadə edilməsi, insanların çox toplaşdıqları qapalı və açıq məkanlara gedilməməsi, dezinfeksiya tərkibli məhlullardan tez-tez istifadə olunması tövsiyə olunub.
COVID-19 yeni növ koronavirus infeksiyası ilə bağlı vətəndaşlarımızın səfirliyin konsulluq şöbəsinə iş saatları ərzində +371 67142892 və yaxud 24 saat ərzində +371 24962251 qaynar xətt vasitəsilə müraciət etmələrinin vacib olduğu bildirilib.
Hər hansı fövqəladə vəziyyətdə soydaşlarımızın operativ qaydada məlumatlandırılması məqsədilə Azərbaycan Respublikası vətəndaşlarının səfirliyin konsulluq şöbəsində konsulluq qeydiyyatına düşmələri tövsiyə edilib.
Qeyd edək ki, Azərbaycanın Estoniyadakı səfirliyi də 2020-ci il martın 12—dən etibarən Estoniya Respublikasının ərazisində koronavirus infeksiyasının yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan olunması ilə bağlı bu ölkədə yaşayan soydaşlarımıza müraciət ünvanlayıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa