SİYASƏT
Azərbaycanın Macarıstandakı səfiri diaspor gənclərini prezident seçkilərində fəal iştirak etməyə çağırıb
![](/files/galleryphoto/2024/1/1200x630/17068972841894624051_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17068972843410456882_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17068972842860447595_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17068972844526945935_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17068972841306543063_1200x630.jpg)
Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə diaspor gənclərini və xarici ölkələrdə yaşayan soydaşlarımızı fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində fəal iştirak etməyə səsləyib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Budapeştdə Azərbaycan Evinin təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən Azərbaycan Diaspor Gənclərinin Beynəlxalq Forumunda çıxış edən səfir bu seçkilərin ölkəmiz üçün böyük tarixi əhəmiyyət kəsb etdiyini deyib: “Ona görə də mən diplomat kimi deyil, Azərbaycan vətəndaşı olaraq sizləri seçkilərdə fəal iştirak etməyə çağırıram”.
“Postmünaqişə dövründə Azərbaycan diaspor gənclərinin fəaliyyəti: perspektivlər və çağırışlar” mövzusunda keçirilən Forumda Macarıstan daxil olmaqla, 40-a yaxın ölkədən 120 azərbaycanlı gənc iştirak edib. Tədbirə xaricdə fəaliyyət göstərən tələbə və gənclər təşkilatlarının rəhbərləri, beynəlxalq təşkilatların azərbaycanlı nümayəndələri, beynəlxalq müsabiqə laureatları, gənc sahibkarlar, həmçinin Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov, eləcə də Gənclər və İdman Nazirliyinin əməkdaşı Rüstəm Abdullayev qatılıblar.
Açılış mərasimindən sonra forum panellər üzrə işini davam etdirib. Panellərdə gənclərin vətənpərvərliyi, ictimai həyatda iştirakı, beynəlxalq əməkdaşlığı, təhsil və elmin inkişafında yeri və rolu istiqamətlərində müzakirələr aparılıb, həmçinin son illər ərzində diaspor sahəsində görülən işlər barədə hesabat verilib, qarşıda duran vəzifələr və Azərbaycan gəncliyinin beynəlxalq aləmdə uğurları müzakirə olunub.
Tədbirin sonunda forum iştirakçılarının bəyanatı qəbul olunub.