Azərbaycanın Macarıstandakı səfirliyində Ümummilli Liderin nurlu xatirəsi yad edilib
Budapeşt, 12 dekabr, AZƏRTAC
Azərbaycanın Macarıstandakı səfirliyində ümummilli lider Heydər Əliyevin parlaq xatirəsi yad edilib.
AZƏRTAC xəbər verir ki, dahi siyasi xadimin səfirliyin binasındakı abidəsi önünə al qızılgüllər düzülüb.
Diplomatlar bir dəqiqəlik sükutdan sonra çıxışlarında ölkənin formalaşmasının mürəkkəb dövründə milli dövlətçiliyin xilasında Heydər Əliyevin böyük rolunu, həmçinin hələ o vaxt Azərbaycanın ordu quruculuğu və müdafiə qabiliyyətinin möhkəmlənməsi üzrə təməlinin qoyulmasında uzaqgörən siyasətini və bu siyasətin nəticəsi kimi Azərbaycan xalqının bu yaxınlarda Vətən müharibəsindəki Böyük Qələbəsini vurğulayıblar.
Koronavirus pandemiyası ilə əlaqədar Macarıstanda qüvvədə olan məhdudlaşdırıcı tədbirlərə görə anma mərasimi az sayda iştirakçılarla keçirilib.
Səfirliyin “Twitter” səhifəsində bununla bağlı paylaşım edilib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt