AZƏRBAYCANIN MALİYYƏ NAZİRİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ ANKARADA SƏFƏRDƏDİR
Maliyyə naziri Ankarada ilk görüşünü Türkiyənin enerji və təbii ehtiyatlar naziri Hilmi Gülərlə keçirmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Ankarada Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri və digər irimiqysalı enerji layihələrinin maliyyə məsələləri və perspektivləri ilə bağlı müzakirələr aparacağını diqqətə çatdıran Samir Şərifov, ölkəmizin maliyyə və iqtisadi gücünün artmasında enerji layihələrinin böyük rolu olduğunu bildirmişdir. Nazir qeyd etdi ki, bu layihələr arasında Azərbaycanın Xəzər dənizində həyata keçirdiyi “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələri müstəsna əhəmiyyətə malikdir. Eyni zamanda, irimiqyaslı enerji nəqli layihələrinin qardaş Türkiyə ilə birlikdə həyata keçirildiyini vurğulayan Samir Şərifov, bunun ölkələrimizin strateji tərəfdaşlığı və iqtisadi əməkdaşlığının daha da güclənməsinə dəyərli töhfə olduğunu, Hilmi Gülərlə görüşdə qlobal enerji təhlükəsizliyi, o cümlədən Qafqaz və Aralıq dənizi regionlarının enerji təhlükəsizliyi ətrafında faydalı fikir mübadiləsi apardığını söyləmişdir.
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Hilmi Gülər Bakı-Tbilisi-Ceyhan layihəsinin uğurla başa çatmasını qardaş ölkələrimizin ümumi nailiyyəti kimi dəyərləndirərək, Yunanıstan və İtaliyaya da təbii qaz nəqlinə imkan verəcək “Şahdəniz” layihəsinin də müvəffəqiyyətlə həyata keçirildiyini bildirmişdir. Hilmi Gülər Samir Şərifovun Ankaradan sonra Yunanıstanda aparacağı müzakirələri də enerji layihələrinə Avropada olan marağın təzahürü kimi dəyərləndirmişdir. O, enerji layihələri üzrə Azərbaycan və Türkiyə hökumətləri tərəfindən müştərək işçi qrupları yaradılacağı barədə qərar qəbul edildiyini də diqqətə çatdırmışdır.
Həmin gün Azərbaycan nümayəndə heyətinin Türkiyənin Xəzinə və Xarici Ticarət Müstəşarlığında da görüşü olmuşdur. Maliyyə naziri Samir Şərifov və müstəşar İbrahim Çanakçı ölkələrimizin maliyyə və xəzinədarlıq sahələrində əməkdaşlığının perspektivlərini müzakirə etmişlər.
Görüşlərdə Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Zakir Həşimov iştirak etmişdir.