MƏDƏNİYYƏT
Azərbaycanın mədəniyyət naziri Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun plenar iclasında çıxış edib
Sankt-Peterburq, 17 noyabr, AZƏRTAC
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Sankt-Peterburqda keçirilən IX Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində noyabrın 17-də təşkil olunan “Mədəni suverenlik dövlətin əsasları kimi” mövzusunda plenar iclasda çıxış edib.
AZƏRTAC xəbər verir ki, nazir Azərbaycan mədəniyyətinin tarixinə nəzər salaraq, ölkəmizdə əsrlər boyu müxtəlif xalqların və dinlərin nümayəndələrinin dinc yanaşı, tolerantlıq şəraitində yaşadığını vurğulayıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu ənənələri əsasında müasir mədəniyyət siyasətinin konseptual əsasları yaradılır, mədəni irsin qorunması sahəsində dövlət proqramları, investisiya layihələri və dəstək tədbirləri həyata keçirilir.
Bildirilib ki, Azərbaycanın mədəni zənginliyinin qorunması və təbliği üzrə milli və beynəlxalq layihələrin həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu müstəsna rol oynayır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Sankt-Peterburq