AZƏRBAYCANIN MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRİ MOSKVADA SƏFƏRDƏ OLMUŞDUR
E.Mahmudov Azərbaycan jurnalistlərinə müsahibəsində səfərinin yekunlarından danışmışdır.
O, Moskvada həmkarları ilə keçirdiyi görüşlər və danışıqlardan çox razı qaldığını, Azərbaycanın və Rusiyanın xüsusi xidmət orqanları arasında münasibətlərin perspektivli olduğunu bildirmişdir.
Nazir demişdir: “Moskvaya ilk səfərimin yekunlarını çox yüksək qiymətləndirir və hesab edirəm ki, xüsusi xidmət orqanlarımız arasında ikitərəfli əməkdaşlıq yüksək səviyyədədir. Qarşılıqlı maraq doğuran bir çox məsələlər barəsində səmərəli danışıqlar aparıldı. Regionda vəziyyət barədə genilş fikir mübadiləsi oldu, habelə gələcək əməkdaşlıq haqqında birgə protokol imzalandı. Əlbəttə, terrorizmə qarşı mübarizə, habelə bu təhlükənin bütün təzahürlərinin qarşısının alınması sahəsində birgə tədbirlər barədə məsələ danışıqlarda xüsusi yer tutdu”.
E.Mahmudov bildirdi ki, Azərbaycan və Rusiya daha sıx əməkdaşlıqda və ikitərəfli münasibətlərin dərinləşməsində maraqlıdırlar. Rusiya Azərbaycan ilə əməkdaşlığa böyük maraq göstərir. Azərbaycan ilə Rusiya mehriban qonşulardır, bizi bu ölkə ilə sıx tarixi tellər bağlayır. Odur ki, Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq Azərbaycan üçün fəaliyyətin öncül istiqamətidir və bu münasibətlər inkişaf etdirilməli, genişləndirilməlidir. Rusiyanın Federal Təhlükəsizlik Xidməti ilə Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi arasında normativ-hüquqi baza var – bir sıra sənədlər imzalanmışdır. Əməkdaşlıq bu sənədlər əsasında həyata keçirilir, daim fikir, informasiya mübadiləsi aparılır. Bu sahədə bizim heç bir problemimiz yoxdur.
E.Mahmudov xüsusi vurğuladı ki, keçən il Azərbaycanda adam oğurlamaqla məşğul olmuş iri cinayətkar qruplaşma zərərsizləşdirilmişdir. Bu qruplaşmanın üzvlərindən ikisi Rusiya ərazisində gizlənirdi. Rusiyanın xüsusi xidmət orqanları ilə sıx qarşılıqlı əlaqəmizdən və tərəfdaşlıq münasibətlərimizdən istifadə edərək, biz həmkarlarımıza müraciət etdik və cinayətkarlar Azərbaycana təhvil verildi. Rusiyalı həmkarlarımızla münasibətlərdən və əməkdaşlıqdan, ümumən, çox razıyıq. Biz çox yaxşı qarşılıqlı əlaqələr yaratmışıq və bu əlaqələri gələcəkdə də inkişaf etdirəcəyik.