AZƏRBAYCANIN MÜDAFİƏ NAZİRİ LİTVADA SƏFƏRDƏ OLMUŞDUR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a demişlər ki, müdafiə nazirini Vilnüs Beynəlxalq Hava Limanında Litva milli müdafiə nazirinın müavini, doktor Povilas Malakauskas və digər rəsmi şəxslər qarşılamışlar.
İyunun 14-də Litva Milli Müdafiə Nazirliyində general-polkovnik Səfər Əbiyevin təntənəli qarşılanma mərasimi olmuş, onun şərəfinə Litva Silahlı Qüvvələrinin fəxri qarovulu düzulmüşdür.
Təkbətək və geniş heyətlə keçirilən görüş zamanı Cənubi Qafqaz və Baltikyanı regionda mövcud hərbi-siyasi vəziyyət, Azərbaycan-Litva hərbi əlaqələri, beynəlxalq əməkdaşlıq və silahlı qüvvələrdə islahatlara dair məsələlər müzakirə edilmişdir.
General-polkovnik Səfər Əbiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq demişdir ki, dünya ictimaiyyətinin, o cümlədən MDB dövlətlərinin Ermənistanı bu vaxta qədər işğalçı dövlət kimi tanımaması bizi narahat edir. Düzdür, Qazaxıstan, Özbəkistan və Ukrayna prezidentləri Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu bəyan etmiş, Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair rəy bildirmişlər. Lakin Ermənistanın işğalçı dövlət olduğunu rəsmən elan edən yoxdur.
Sonda “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Litva Respublikası Milli Müdafiə Nazirliyi arasında Litva Hərbi Məktəbində Hərbi Hazırlıqda iştiraka dair” Saziş imzalanmış, mətbuat konfransı keçirilmişdir.
Həmin gün Azərbaycanın müdafiə naziri Səfər Əbiyevi Litva Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Arturas Paulauskas qəbul etmişdir.
Arturas Paulauskas Litvanın müdafiə və dövlət quruculuğu sahəsində qazandığı uğurlar barədə qonağa məlumat vermiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq demişdir ki, Azərbaycanın bu münaqişənin ədalətli həllinin öhdəsindən gələcəyinə inanıram.
General-polkovnik Səfər Əbiyev Azərbaycan-Litva hərbi əlaqələri, Azərbaycan-NATO əlaqələri, Azərbaycanda həyata keçirilən iri iqtisadi layihələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Cənubi Qafqaz regionunda mövcud hərbi-siyasi vəziyyət barədə danışmış, bu mövzular ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Həmin gün parlamentdə Litva Seyminin sədr müavini Arturas Skardcius, Seymin Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Evaldas İqnataviçius ilə görüşlərdə Avropa strukturlarına inteqrasiya, regionlarda mövcud ictimai-siyasi vəziyyət, Azərbaycanda həyata keçirilən iqtisadi layihələr, Azərbaycan-Litva, Azərbaycan-NATO, Litva-NATO əlaqələri, beynəlxalq terrorizmə qarşı koalisiyada birgə mübarizə və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.
Müsahibləri ilə Litva görüşləri haqqında təəssüratlarını bölüşən və Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı məsələsinə toxunan general-polkovnik Səfər Əbiyev bildirmişdir ki, Ermənistan dövləti beynəlxalq hüquq normalarını pozaraq, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərini yerinə yetirmir. Ermənistan təcavüzkar dövlətdir. Azərbaycanın bu məsələdə dözümü sonsuz deyil. O öz torpaqlarını Ermənistanın işğalından təmizləmək mövqeyində qətidir.
İyunun 15-də ölkəmizin müdafiə naziri və nümayəndə heyəti general Yonas Jemaitis adına Litva Hərbi Akademiyasında və general Adolfas Ramanauskas adına Döyüş Hazırlığı Mərkəzində olmuşlar. Tədris müəssisələrində nümayəndə heyəti üçün brifinq keçirilmiş, general-polkovnik Səfər Əbiyev tədris müəssisələrinin maddi-texniki bazası, strukturu, vəzifələri və tədris prosesinin gedişi ilə tanış olmuşdur.
Nümayəndə heyəti iyunun 15-də Vətənə qayıtmışdır.