CƏMİYYƏT
Azərbaycanın prokurorluq orqanlarında həyata keçirilən islahatlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir
![Azərbaycanın prokurorluq orqanlarında həyata keçirilən islahatlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir](/files/2023/3/1200x630/1697203603125610758_1200x630.jpg)
Tbilisi, 13 oktyabr, AZƏRTAC
“Azərbaycanın məhkəmə-hüquq sistemində və prokurorluq orqanlarda həyata keçirilən islahatlar, qazanılan müsbət təcrübə Avropanın standartlarına tam cavab verir. Avropa İttifaqının və Beynəlxalq təşkilatların nümayəndələri bizim təcrübəni yüksək qiymətləndirirlər".
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət tərkibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev söyləyib.
Onun sözlərinə görə Tbilisidə keçirilən "Uşaqların hüquqlarının müdafiəsi və cəmiyyətə inteqrasiyası" beynəlxalq konfransında da bu məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
E.Musayev bildirib ki, Azərbaycanda bu məsələlər müəyyən şəkildə öz həllini tapır. Tbilisidə keçirilən tədbirdə də bir çox ölkələrin təcrübələri ilə tanış olduq. Hüquqpozma törətmiş azyaşlıların hüquqlarının müdafiəsini institusionallaşmış şəkildə, yəni müvafiq qanunvericiliyin qəbul edilməsi, ixtisaslaşmış qurumların təsis olunması, aidiyyəti təcrübənin formallaşdırılması yolu ilə həyata keçirirlər. Gürcüstanın Baş prokurorunun məlumatına əsasən, bu təcrübə Gürcüstanda 12 ildən çoxdur həyata keçirilir.
Biz də bu təcrübəni öz fəaliyyətimizdə nəzərə alacağıq. Bu sahədə fəaliyyətimizi təkmilləşdirəcəyik.
"Konfransda azyaşlıların məsuliyyətə cəlb olunması üçün nəzərdə tutulmuş alternativ üsullar da müzakirə edildi. Azərbaycan Respublikasında məhkəmə-hüquq sistemində və prokurorluq orqanlarında son dövrlər, xüsusilə son 3 ildə həyata keçirilən islahatlar, ixtisaslaşmış qurumların fəaliyyət göstərməsi, eləcə də azyaşlıların hüquqlarının qorunması sahəsində görülmüş işlər barədə də məlumat verildi və təcrübəmiz müsbət qarşılanıb" , - deyə, E.Musayev vurğulayıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi