AZƏRBAYCANIN QƏTƏRDƏ AKKREDİTƏ OLUNMUŞ SƏFİRİ ÖLKƏNİN RƏSMİ ŞƏXSLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, səmimi dostluq və mehribanlıq şəraitində keçən görüşlərdə səfir E.Araslı respublikamızın rəhbərliyinin Azərbaycan-Qətər münasibətlərinin inkişafına xüsusi maraq göstərdiyini, Prezident İlham Əliyevin 2004-cü ilin sonunda bu ölkəyə səfərindən sonra münasibətlərimizin yeni mərhələyə daxil olduğunu vurğulamışdır.
Əmir Həməd bin Xəlifə Al Tani dövlətimizin başçısına səmimi salamını və xoş arzularını çatdırmağı xahiş etmişdir. Prezident İlham Əliyevin Qətərə səfərinin nəticələrini möhkəmləndirmək üçün yeni təşəbbüslərin vacibliyini vurğulayan Əmir cari ildə Azərbaycana səfər etmək niyyətinin Azərbaycan rəhbərliyinə çatdırılmasını xahiş etmişdir.
Səfirin keçirdiyi görüşlərdə ölkələrimiz arasında əməkdaşlığa dair bir sıra mövzular, o cümlədən Azərbaycanın Dohədə, Qətərin Bakıda səfirliyinin açılması məsələsi müzakirə olunmuşdur.