Azərbaycanın Ukraynadakı səfiri: Ölkələrimiz arasında siyasi və diplomatik dialoq çox yüksək səviyyədədir
Bakı, 25 yanvar, AZƏRTAC
Ukrayna və Azərbaycan strateji tərəfdaşlardır. Onlar bir sıra sahələrdə münasibətləri inkişaf etdirməyə çalışır və buna nail olurlar. Ölkələrimiz arasında siyasi və diplomatik dialoq yüksək səviyyədədir, iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı potensial var.
Azərbaycanın Ukraynadakı Fövqəladə və Səlahiyyətli Səfiri Azər Xudiyev UKRİNFORM agentliyinə müsahibəsində bu barədə, həmçinin gələcək birgə fəaliyyətin perspektiv istiqamətləri barədə danışıb. AZƏRTAC müsahibəni təqdim edir.
-Cənab səfir, bu yaxınlarda sizin xalqınız 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisələrin növbəti ildönümünü qeyd etdi. O vaxt çoxsaylı günahsız insan həlak olub.
-Bəli, yanvarın 20-də biz Ümumxalq Hüzn Gününü qeyd etdik. O gün Azərbaycanın müasir tarixinə qara səhifə kimi yazılıb. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusunun silahlı dəstələri xaincəsinə Azərbaycan ərazisinə soxularaq dinc əhaliyə, bütün xalqlar kimi azadlıq istəyən insanlara qarşı qanlı qırğın törətdilər. Əslində isə Azərbaycana sovet qoşunlarının yeridilməsinin əsas səbəbi SSRİ rəhbərliyinin fəal ermənipərəst siyasətinə və separatçıları dəstəkləməsinə qarşı etirazlar idi. Təəssüf ki, Sovet İttifaqının dağılmasının başlanğıcında biz bu hadisə ilə üzləşdik. Tarixən həmişə Azərbaycanın tərkibində olmuş, lakin ərazisində, o cümlədən ermənilərin də yaşadığı Dağlıq Qarabağ Muxtar Vilayətində separatist hərəkatlar başlandı - erməni əsilli vətəndaşlar öz müqəddəratını təyin etmək iddiaları irəli sürdülər. Bu isə Azərbaycanın ərazi bütövlüyünə qəsd idi.
Bakıda xalq meydana toplaşıb Qorbaçovun və marşal Yazovun bu siyasətini pisləyəndə SSRİ rəhbərliyi bu etirazı kobud şəkildə boğmağı qərara aldı. Hərçənd, Azərbaycan əhalisi tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdi. Belə bir vaxtda silahlı dəstələr dinc əhaliyə qanlı divan tutdular. Bununla yanaşı, SSRİ-nin fərasətsiz rəhbərləri informasiya blokadası təşkil etdi ki, Bakıda baş verən hadisələr barəsində heç bir məlumat SSRİ hüdudlarından kənara sızmasın və dünya birliyinin bu ölkənin öz dinc vətəndaşlarına qarşı tətbiq etdiyi vəhşilik aktını qınamaq və həmin hadisələrə qiymət vermək imkanı olmasın.
Böyük təəssüf hissi ilə qeyd etmək istərdim ki, çoxsaylı dinc insanların həlak olmasına görə hələ də heç kəs cəzalandırılmayıb. Ovaxtkı Azərbaycan rəhbərliyinin də üzərinə çox böyük mənəvi məsuliyyət və cinayət məsuliyyəti düşür. Kremlin nökərləri olan həmin insanlar sovet rəhbərliyinin ətəyindən bərk-bərk yapışmışdı. Həmin dövrdə Azərbaycanda hökm sürən siyasi hərc-mərclik nəticəsində ölkəmizin vətəndaşları SSRİ rəhbərliyinin qeyri-ardıcıl siyasətinə qarşı üsyan etdilər və beləliklə, “parçalanma” prosesi, Azərbaycanın Kremlin təsiri altından çıxması prosesi başlandı. Məhz dəhşətli 20 Yanvar hadisələrindən sonra Azərbaycan xalqının çox hissəsi anladı ki, artıq Sovet İttifaqının tərkibində qalmaq olmaz. Xalq SSRİ rəhbərliyinə etimadını tamamilə itirdi.
20 Yanvar həm də Azərbaycan xalqının milli dirçəliş və milli qürur günüdür. Məhz həmin günlərdə Azərbaycanın qəhrəman oğlanları və qızları şərəf və ləyaqət hissini hər şeydən uca tutaraq azadlıq uğrunda, doğma torpaq uğrunda, azad yaşamaq hüququ uğrunda canlarından keçdilər.
-O vaxt neçə adam həlak olub?
-O qanlı qırğın nəticəsində 137 adam şəhid olub, 744 nəfər ağır yaralanıb, 841 nəfər heç bir əsas olmadığı halda həbs edilib. Daha yüzlərlə insan itkin düşmüş hesab edilir. Bu sonuncular barədə hələ də heç bir məlumat yoxdur.
Adamların çoxuna məlumdur ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev 1990-cı ildə artıq SSRİ rəhbərliyində işləmirdi, o, əvvəllər tutduğu yüksək vəzifəni tərk etmişdi, çünki SSRİ-nin ovaxtkı rəhbərliyinin nadanlığı və simasızlığı ona məlum idi. Yanvarın 20-də Bakıda baş vermiş hadisələrdən sonra Heydər Əliyev öz həyatını riskə məruz qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi və sovet ordusu tərəfindən Azərbaycanda törədilmiş vəhşiliyi, Qorbaçovun hərəkətlərini kəskin pisləyərək israrla tələb etdi ki, baş vermiş hadisəyə hüquqi və siyasi qiymət verilsin.
Yalnız 1993-cü ildə Heydər Əliyev ölkə rəhbərliyinə gələndən sonra bu məsələ, necə deyərlər, ölü nöqtədən tərpəndi. Heydər Əliyevin təşəbbüsü ilə xüsusi dövlət komissiyası yaradıldı, bu komissiya həmin hadisələrin təqsirkarlarının adlarını müəyyən etdi, bu cinayətlərə hüquqi və siyasi qiymət verildi.
Hər bir xalqın həyatında onun tarixinin müəyyən dövründə elə faciəli hadisələr baş verir ki, onlar xalqı dövlətdə və millətdə əsaslı dəyişikliklərə sövq edir. Əlbəttə, istərdik ki, hər bir xalqın tarixində qara səhifələrin sayı az olsun. Lakin tarix öz işini görür və təəssüf ki, insanların heç də hamısı tarixi səhvlərdən nəticə çıxarmır.
Yenə təəssüflə qeyd etməliyəm ki, müasir sivil dünyada fundamental dəyərlər çox kobud şəkildə pozulur. Mən əminəm ki, əgər 28 il bundan əvvəl separatizmə qarşı cəza mexanizmi dərhal tətbiq edilsəydi, nə Qarabağ problemi olardı, nə Dnestryanı münaqişə, nə də Cənubi Osetiya və Abxaziya hadisələri. O cümlədən Ukrayna da separatizmlə üzləşməzdi. Yaxşı ki, bu gün Ukraynanın ərazi bütövlüyü məsələsində bütün dünya birliyi ona kömək edir və onu dəstəkləyir.
-Siz Ukrayna ilə Azərbaycanın indiki diplomatik münasibətlərini necə səciyyələndirərdiniz?
-Ölkələrimiz arasında siyasi və diplomatik dialoq çox yüksək səviyyədədir. Bütün sahələrdə münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edir.
Hərbi-texniki sahədə səmərəli əməkdaşlıq edirik. Vaxtilə, biz separatizmlə üzləşəndə bizim öz ordumuz yox idi, çünki həmin dövrdə sovet ordusu vardı, o isə, sizin də xatırladığınız kimi, Xocalı faciəsinə şərait yaratmışdı. Bizim üçün çətin anlarda, 90-cı illərdə Ukrayna həmişə bizim yanımızda olub. Biz öz ordumuzu formalaşdıranda sizin hərbi sərkərdələr və zabitlər bizə kömək ediblər, bizi zəruri hərbi avadanlıq, silah və zirehli texnika ilə təchiz ediblər. Bunun sayəsində biz davam gətirə bildik və daha güclü olduq. Ölkələrimiz arasında möhkəm əlaqələrin, dostluq və əməkdaşlığın təməli Heydər Əliyev və Leonid Kuçma tərəfindən qoyulub. Diplomatların işi isə, öz növbəsində, bu dostluğun inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə yönəlib.
2016-cı ildə Ukrayna Prezidenti Pyotr Poroşenko və onu müşayiət edən nüfuzlu rəsmi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olub. Səfər çərçivəsində çox mühüm razılaşmalar əldə edilib, hazırda biz həmin razılaşmaların reallaşdırılması ilə məşğuluq. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ukraynaya cavab səfəri baş tutacaq, bu səfər ölkələrimiz arasında münasibətlərin inkişafına və möhkəmlənməsinə daha böyük təkan verəcək.
-Amma ticari-iqtisadi əməkdaşlıq göstəriciləri azalıb. Bunun səbəbi nədir?
-Siz haqlısınız, bu məsələdə sizinlə tam razıyam. Həqiqətən, əmtəə dövriyyəsi xeyli azalıb. Əvvəlki illərdə, məsələn 2013-cü ilə qədər əmtəə dövriyyəsinin səviyyəsi 1 milyard 300 milyon dollar, 2011-ci ildə 1 milyard 467 milyon dollar olub. 2012-ci ildə bu göstərici 625 milyon dollara, 2016-cı ildə isə 330 milyon dollara düşüb. Lakin son bir il ərzində biz böyük səy göstərərək ölkələrimiz arasında əmtəə dövriyyəsini 2,5 dəfə artırmağa nail olduq və bu göstərici 810 milyon dollara çatdı. Bundan əlavə, Ukrayna ilə Azərbaycan arasında ixracın həcmi 8 dəfə artıb.
Əlbəttə, əmtəə dövriyyəsi potensialının azalmasına təsir edən müəyyən obyektiv və subyektiv amillər var. Təəssüf ki, Ukraynanın cənub-şərqində münaqişə, eləcə də ölkədə baş verən siyasi proseslər və həyata keçirilən islahatlar ikitərəfli iqtisadi münasibətlərin inkişafına mənfi təsir göstərir. Azərbaycanı maşınqayırma avadanlığı və metal ilə təchiz edən müəssisələrin çoxu Donbas regionunda qalıb, nəticədə malgöndərmələrin və bütövlükdə əmtəə dövriyyəsinin həcmi azalıb.
-Yaxın vaxtlarda bu sahədə vəziyyəti yaxşılaşdırmağa kömək edəcək tədbirlər nəzərdə tutulurmu?
-Əlbəttə, biz bu il ərzində əmtəə dövriyyəsini ən azı 1 milyard ABŞ dolları qədər artırmağı planlaşdırırıq. Bu məqsədlə martın ortalarında Kiyevdə Azərbaycan Ticarət Evi açılmasını nəzərdə tuturuq. Həmin Ticarət Evi üçün Kiyevin mərkəzində yer tapmışıq və hazırda bu məsələ sənədləşdirilmə mərhələsindədir. Paralel olaraq təmir işləri fəal aparılır. Ticarət Evində milli məhsulların satış-sərgisi keçiriləcək, idxal, ixrac və təkrar ixrac əməliyyatları əlaqələndiriləcək. Biz, həmçinin bazarda təhlil aparmağı, əməkdaşlığın üstün istiqamətlərini aşkar etməyi, Azərbaycanın biznes şirkətlərinin fəaliyyətinin hüququ müşayiətini təmin etməyi planlaşdırırıq. Bir sözlə, burada bütün Azərbaycan biznesi - həm özəl sektor, həm də dövlət sektoru əlaqələndiriləcək. Mənim fikrimcə, bu mərkəz bizim gənc investorlar üçün də yaxşı platforma olacaq, çünki həmin mərkəzdə orta, kiçik və böyük investisiya layihələri müzakirə olunacaq, qərarlar da elə orada qəbul ediləcək.
-Bütün bu işlərə kim rəhbərlik edəcək?
-Ticarət Evinin rəhbəri artıq seçilib, hazırda o, öz aparatını formalaşdırmaqla məşğuldur. Hər şey formalaşma prosesindədir. Mən tam əminəm ki, bu platforma həm Azərbaycan biznesinin, həm də Ukrayna biznesinin inkişafı üçün faydalı olacaq.
Bu platforma vasitəsilə Ukrayna İqtisadi İnkişaf və Ticarət Nazirliyi ilə tərəfdaşlıq barədə razılığa gəlmişik. Axı bu, Ukrayna üçün də çox sərfəlidir. Ukraynada Orta Asiya və İran bazarlarına ixrac və idxal əməliyyatları ilə bağlı çox maraqlı layihələr və məhsullar var, amma müəyyən səbəblər üzündən bu layihələri həyata keçirmək mümkün deyil. Lakin düşünürəm ki, Azərbaycan və bu yaxınlarda açılmış Xəzər Beynəlxalq Ticarət Limanı vasitəsilə bu imkanları reallaşdırmaq tamamilə mümkündür.
-Siz Ukrayna biznes dairələrinin nümayəndələri ilə tez-tez görüşürsünüz?
-Ukraynada biznes dairələrinin çoxu Azərbaycan Ticarət Evinin platformasından xəbər tutandan sonra tez-tez bizim diplomatik missiyanın qonaqları olur. Onlar hamısı öz məhsullarını İran və Orta Asiya bazarlarına çıxarmağa və beləliklə, öz biznesini inkişaf etdirməyə çalışırlar. Ona görə də əmtəə dövriyyəsini azı iki dəfə artırmaq üçün hər cür şansımız var.
-Ukrayna mədəniyyət və təhsil sahəsində Azərbaycan üçün maraqlıdırmı?
-Əlbəttə, Ukrayna Azərbaycan üçün bütün sahələrdə maraqlıdır. Mədəniyyət və təhsil sahəsi də istisna deyil. Bu gün Ukraynada 12 min azərbaycanlı tələbə oxuyur. Bizim gənclər burada oxumağa çalışırlar, Ukrayna ali məktəblərinə çox böyük etimad var! Yeri gəlmişkən, mən də Ukrayna Diplomatik Akademiyasının məzunuyam. Bugünkü tələbələr sabah məmurlar, texnokratlar olacaq, ölkəmizi inkişaf etdirəcəklər. Buna görə də biz burada onların hər işinin yaxşı getməsinə nəzarət edirik. Çoxlu müştərək humanitar proqramlarınız var. 2017-ci ildə biz Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlər yaradılmasının 25 illiyini qeyd etdik. Bir sıra maraqlı tədbirlər, konsertlər, caz festivalı keçirildi. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edəcəyik və bununla əlaqədar Ukraynada keçiriləcək tədbirlərin kifayət qədər zəngin planı artıq hazırdır.
Lakin məsələ bununla da bitmir. Bir sıra humanitar layihələr reallaşdırılma mərhələsindədir. Məsələn, keçən il bizim səfirliyin və Ukraynadakı Azərbaycan diasporunun təşəbbüsü ilə Dostluq Parkı açmışıq (Xalqlar Dostluğu bulvarı, 38 ünvanında). Səfirliyin yaxınlığında Heydər Əliyev adına yaxşı bir parkı şəhərə hədiyyə etmişik. Odessa şəhər administrasiyası da bizim üçün şəhərin mərkəzində sahə ayırıb, yaxın gələcəkdə biz həmin sahəni Azərbaycan-Ukrayna Dostluq Parkına çevirməyi planlaşdırırıq.
Böyük azərbaycanlı, bəstəkar və müğənni, SSRİ və Azərbaycan SSR Xalq Artisti Müslüm Maqomayevin 75 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin təşəbbüsü ilə Kiyevdə, Seçevı Streltsı küçəsi ilə Vyaçeslav Çernovol prospektinin tinində yerləşən park əsaslı şəkildə yenidən qurulub. Həmin park böyük maestronun adını daşıyacaq və orada ona abidə qoyulacaq.
Ölkələrimiz arasında diplomatik münasibətlərin 25 illiyi çərçivəsində səfirliyin təşəbbüsü ilə Ukraynanın bütün ərazisində 25 əlamətdar humanitar layihə həyata keçirilməsini planlaşdırırıq. Bu layihələr ukraynalıların yaddaşında uzun müddət qalacaq.
-Cənab səfir, Azərbaycan Prezidentinin Ukraynaya səfərindən nə gözləyə bilərik? Əməkdaşlığın hansı sahələrində ciddi irəliləyiş olacaq?
-Əməkdaşlığın üstün istiqamətləri artıq müəyyən edilib. Hazırda biz münasibətlərimizin inkişafı və dərinləşməsi üzrə fəaliyyətimizi tənzimləyəcək sənədlər hazırlamaqla məşğuluq. Məsələn biz Ukraynada həyata keçirilən enerji layihələrində və tenderlərdə fəal iştirak etmək istərdik. Qeyd etmək lazımdır ki, əmtəə dövriyyəsinin çox hissəsi Azərbaycandan Ukraynaya neft və neft məhsulları ixracının payına düşür.
-Bu məhsulların həcmi barədə nə deyə bilərsiniz?
-Bizdə olan məlumata görə, ayda təxminən 200-300 min ton neft və neft məhsulları, qaz kondensatı, habelə neft-yağ emalı zavodlarının enerji ehtiyaclarının təmin edilməsi üçün zəruri olan digər yüngül və ağır materiallardan söhbət gedir. Təchizat alqoritmi plan üzrə həyata keçirilir.
SOCAR şirkəti Ukraynada artıq 300 milyon ABŞ dollarından çox sərmayə qoyub. Əlverişli və cəlbedici investisiya şərtləri yaradılsa, SOCAR burada öz biznes fəaliyyətini daha da genişləndirməyi nəzərdə tutur. Gözlənildiyinə görə, yaxın gələcəkdə bu neft şirkətinin rəhbərliyi Ukraynaya səfər edəcək və bır sıra sərfəli layihələrin perspektivləri Ukrayna Energetika Nazirliyi ilə birlikdə müzakirə olunacaq.
Azərbaycan ukraynalı tərəfdaşların energetika bazarının formalaşması üçün açıqdır. Biz bu sahədə mövcud innovasiya layihələrini və ideyalarını Ukrayna tərəfinin rəsmi razılığı ilə tətbiq etməyə hazırıq.
Düşünürəm ki, parlamentlərarası əməkdaşlığın da fəallaşdırılması lazımdır. Biz Ukrayna Ali Radasının fəaliyyətini, onun qəbul etdiyi qanunvericilik aktlarını diqqətlə izləyirik. Yaxın vaxtlarda qəbul edilmiş Donbasın reinteqrasiyası haqqında qanun da bizim üçün maraqlıdır, çünki həmin qanun bizim ümumi problemimiz olan separatizm məsələsi ilə birbaşa bağlıdır.
Ukraynanın cənub-şərqində ərazi bütövlüyünün itirilməsi ilə nəticələnmiş münaqişə məsələsində rəsmi Bakının mövqeyi dəyişməzdir - Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da dəstəkləyəcək, bu gün qardaş Ukraynanın üzləşdiyi bütün separatizm və terrorizm təzahürlərini qətiyyətlə pisləyir.
Azərbaycan Demokratiya və İqtisadi İnkişaf Təşkilatının - GUAM-ın iştirakçıdır. Biz bu təşkilat çərçivəsində bir sıra layihələrin imkanlarını qiymətləndirir və onların reallaşdırılmasına qoşuluruq. Təşkilatın üzvü olan ölkələrin müvafiq idarələri arasında əməkdaşlıq və əlaqələndirmə uğurla davam edir, həyati əhəmiyyətli bir sıra nəqliyyat layihələri reallaşdırılıb.
-Ukraynanın Baş naziri GUAM ölkələrinin işinin iki perspektivli istiqamətini göstərib. Bunlardan biri azad ticarət haqqında sazişin, digəri isə nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması ilə bağlıdır. Siz bu iki ambisiyalı layihənin yerinə yetirilməsinin səmərəliliyini necə qiymətləndirirsiniz?
-Qeyd etməliyəm ki, keçən il çox mühüm sənədlər imzalanıb. Məsələn, gömrük administrasiyaları və xüsusi malların sərhəddən keçirilməsi barədə protokol sayəsində Donbasda separatist qurumların malları ölkəmizin sərhədindən buraxılmır və əksinə - qondarma Dağlıq Qarabağ Respublikasından gələn məhsullar Ukrayna bazarlarına düşmür.
Ali Radanın spikeri cənab Vladimir Qroysman deyib ki, azad ticarət zonası və nəqliyyat bir-biri ilə sıx bağlı sahələrdir. Bu baxımdan, Azərbaycan öz öhdəliklərini yerinə yetirir. Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi ilə bağlı işlər başa çatdırılıb. Bu mühüm nəqliyyat magistralı həm bizim regionu, həm də Şərqi Avropa ölkələrini mühüm dünya istiqamətləri birləşdirəcək.
Paralel olaraq Azərbaycan ərazisində bu gün dünya miqyaslı ən aktual “Şimal-Cənub” marşrutu ilə bağlı tikinti işlərini başa çatdırmışıq. Bu, həqiqətən hazırda regionda ən ambisiyalı layihələrdən biridir. Bununla bağlı işlərin 2019-cu ildə tamamlanması nəzərdə tutulur. Ondan sonra bir çox ölkələr, o cümlədən Ukrayna da həmin marşrutdan istifadə etmək üçün böyük logistika imkanları qazanacaq, malların daşınmasını xeyli sürətləndirməyə şərait yaranacaq. Beləliklə, bu ölkələr öz mallarını sərfəli şərtlərlə Qara dəniz vasitəsilə Gürcüstana, oradan isə həmin marşrut üzrə Körfəz ölkələrinə, Çinə, Hindistana və Pakistana göndərərək sanballı iqtisadi mənfəət əldə edəcəklər.
GUAM çərçivəsində nəqliyyat sahəsində nə mümkündürsə edilib, bütün arteriyalar işləyir. Əlbəttə, nəqliyyat arteriyasının Rusiya ərazisindən keçməsi işi çətinləşdirir. Ukrayna əvvəllər öz mallarını Azərbaycana RF ərazisindən keçməklə çatdırırdı, indi isə diplomatik əlaqələr korlanıb, hava və dəmiryol nəqliyyatının işi dayandırılıb. Lakin biz vəziyyəti yüngülləşdirmək üçün əlimizdən gələni etməyə çalışırıq ki, hamının işi rahat olsun və malları lazımi yerlərə çatdırmaq asanlaşsın.
Bir də onu qeyd etmək istəyirəm ki, Ukrayna ilə Azərbaycan arasında azad ticarət üçün heç bir maneə yoxdur. Azərbaycan bir sıra ölkələrlə ikitərəfli sazişlər bağlayıb, həmin ölkələrdən bizə çox müxtəlif mallar gətirilir. Bütövlükdə iştirakçı ölkələr arasında əməkdaşlıq və ticarət üçün çox yaxşı baza yaradılıb.