SİYASƏT
Azərbaycanın xalqa arxalanan Ali Baş Komandanı və qüdrətli ordusu var
Bakı, 7 avqust (AZƏRTAC). Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfər etməsi, hərbiçilərlə görüşməsi, onları mükafatlandırması, eyni zamanda, operativ müşavirə keçirməklə real vəziyyətlə daha yaxından tanış olması bir daha sübut etdi ki, Azərbaycanın xalqa arxalanan Ali Baş Komandanı və qüdrətli ordusu var.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Deputatın sözlərinə görə, bu gün Azərbaycan xalqının arasında böyük ruh yüksəkliyi hökm sürür. Erməni kəşfiyyat-diversiya qruplarının xəyanətkarcasına etdiyi basqınların qarşısını alan, hətta, onları ağır itki verərək geri çəkilməyə məcbur edən ordumuzun peşəkarlığı cəmiyyətdə böyük ruh yüksəkliyi və döyüş əhvalını daha da artırdı. Əsgərlərimiz qəhrəmanlar kimi torpağa tapşırıldı və onların ailələri, yaxınları, dostları “Vətən sağ olsun” deyərək, əsl dəyanət, vətəndaşlıq mövqeyi nümayiş etdirdilər. Bu da gənclərimizin, keçmiş döyüşlərimizin döyüş ruhunu daha da artırdı. Bunun nəticəsidir ki, yüzlərlə gənc və Qarabağ qaziləri Müdafiə Nazirliyinə və aidiyyəti qurumlara müraciət edərək, ərazi bütövlüyümüzün bərpa edilməsi üçün döyüşmək arzularını ifadə etdilər.
Prezident İlham Əliyevin Ağdama, cəbhə xəttinə səfər etməsi isə bu ruh yüksəkliyini daha da yüksəltdi. Hər bir azərbaycanlı gördü ki, bu ölkə 1992-ci ildə olduğu kimi rəhbərsiz və ordusuz deyil. Biz bunu sosial şəbəkələrdəki fəallıqdan, orada xüsusilə gənclərimizin torpaqlarımızın azad edilməsi üçün döyüşmək və şəhidlərimizin qanını yerdə qoymamaq üçün etdiyi müraciətlərdən, fikirlərdən sezdik. Hətta düşmənlərimiz belə müşahidə etdilər ki, Azərbaycan bütün hərbi imkanlara, ən əsası isə xalq-ordu-Ali Baş Komandan birliyinə, istənilən hərbi əməliyyatı reallaşdıra biləcək gücə, qüvvəyə malikdir.
Sədaqət Vəliyeva qeyd edib ki, bütün mövcud faktorlar bir daha Azərbaycanın prinsipial mövqeyinin reallaşdırılmasına və torpaqlarımızın işğaldan azad edilməsinə əlverişli şərait yaradır.
Deputat, həmçinin diqqətə çatdırıb ki, xalq Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə inanır və güvənir. Ona görə də, tam əminliklə deyə bilərəm ki, Ali Baş Komandan torpaqlarımızın işğaldan azad edilməsi üçün hərbi əməliyyatların keçirilməsi barədə əmr verdiyi andan milli-etnik, dini mənsubiyyətindən, sosial statusundan asılı olmayaraq, hər bir azərbaycanlı döyüşə gedəcək, işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad edəcək.