AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ ATƏT-İN BAKIDAKI NÜMAYƏNDƏLİYİNİN YENİ BAŞÇISI İLƏ GÖRÜŞMÜŞDÜR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, nazir Elmar Məmmədyarov Maurisio Pavesini yeni təyinatı münasibətilə təbrik edərək, ona ölkəmizdə fəaliyyətində uğurlar arzulamışdır.
Görüşdə xarici siyasət idarəsinin başçısı Azərbaycan tərəfinin ATƏT ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayaraq, ölkəmizdəki ictimai-siyasi vəziyyət, aparılan demokratik islahatlar, Avroatlantik strukturlarına inteqrasiya, Ermənistanın təcavüzü nəticəsində öz dövlətində qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan çox azərbaycanlının ağır vəziyyəti barədə M.Pavesiyə ətraflı məlumat vermişdir.
Səfir Maurisio Pavesi ATƏT ilə Azərbaycan arasındakı əlaqələrin intensiv şəkildə davam etdirilməsi üçün var qüvvəsini əsirgəməyəcəyini və bu istiqamətdə səmərəli əməkdaşlığın davam etdirilməsinə ümidvar olduğunu diqqətə çatdırmışdır.
Maurisio Pavesi iqtisadi məsələlərin ATƏT-in əsas fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayaraq, bu sahədə, o cümlədən kiçik sahibkarlığın, turizmin inkişafı ilə bağlı əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd etmişdir.
Nazir Elmar Məmmədyarov iqtisadi inkişafın demokratik islahatların həyata keçirilməsində vacib amillərdən biri olduğunu qeyd edərək, ölkəmizin bu istiqamətdə əməkdaşlığa maraq göstərdiyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.