AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ MİSİRDƏ SƏFƏRDƏDİR
Ölkəmizin Misirdəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, səfərin ilk günü nazir E.Məmmədyarovun misirli həmkarı Əhməd Əbu Əl-Ğeyt ilə təkbətək və geniş tərkibdə görüşləri olmuşdur. Görüşlərdə ölkələrimizin siyasi və iqtisadi əlaqələrinin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Misir əməkdaşlığı, Yaxın Şərq regionunda vəziyyət, beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Misir naziri Əhməd Əbu Əl-Ğeyt Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqları, vasitəçilik səylərini, münaqişə edən ölkələrin başçılarının və xarici işlər nazirlərinin görüşlərini dəstəklədiyini bildirmiş, həmin münaqişənin ən yaxın zamanda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində danışıqlar vasitəsilə həll olunacağına ümid bəslədiyini bildirmişdir.
Danışıqlarda iqtisadi münasibətlərdən söhbət açılaraq, bunun hər iki ölkə üçün vacib olduğu, mövcud ticarət mübadiləsinin həcminin Azərbaycanla Misirin real imkanlarına uyğun gəlmədiyi və iqtisadi-ticari əlaqələrin genişləndirilməsinin zəruriliyi xüsusi vurğulanmışdır. Qeyd edilmişdir ki, Misir Azərbaycanın neft hasilatı və neft maşınqayırması sahələrindəki zəngin təcrübəsindən faydalana bilər.
İqtisadi münasibətlərin inkişaf etdirilməsi yollarını müzakirə edən nazirlər, ölkələrimizin iş adamlarının birgə biznes-forumlarının keçirilməsinin əhəmiyyətini vurğulamış, iki respublikanın dekabrda Qahirədə keçirilməsi nəzərdə tutulan Hökumətlərarası İqtisadi və Elmi-Texniki Müştərək Komissiyanın növbəti toplantısının uğurlu nəticələnəcəyinə inamlarını ifadə etmişlər.
Nazirlər ölkələrimiz arasında Bakı-Şərm Əş-Şeyx-Qahirə hava xəttinin açılması təklifini dəstəklədiklərini bildirmiş, bunun nəticəsində hər iki respublikaya turist axınının əhəmiyyətli dərəcədə artacağını, iş adamlarının səfər mübadilələrinin daha da intensivləşəcəyini diqqətə çatdırmışlar.
Azərbaycanın təçəbbüsü və iştirakı ilə bölgədə reallaşdırılan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolu xətti və TRASEKA kimi nəhəng layihələrin həyata keçirildiyini diqqətə çatdıran E.Məmmədyarov, Misirin TRASEKA layihəsinə müşahidəçi qismində qoşulmaq istəyini təqdir edərək, TRASEKA-nın üzv olan ölkələrə artıq bu barədə müvafiq məlumat verildiyini söyləmişdir.
Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı olmuşdur.
X X X
Elə həmin gün E.Məmmədyarov MƏR Xalq Məclisinin sədri Əhməd Fəthi Sürurla görüşmüşdür. Misir ilə Azərbaycan arasında dostluq əlaqələrinin qədim tarixə malik olduğunu qeyd edən nazir, dövlətimizin qarşılıqlı münasibətlərin, o cümlədən parlamentlərarası münasibətlərin inkişafını daim diqqət mərkəzində saxladığını söyləmişdir.
Bu il hər iki ölkədə keçiriləcək parlament seçkilərinə toxunularaq bildirilmişdir ki, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər noyabrın 6-da bir gün ərzində başa çatacaqdır. Misirdə isə seçkilərə noyabrın 9-da start veriləcək və seçki kampaniyası bir ay davam edəcəkdir.
Daha sonra nazir E.Məmmədyarov MƏR XİN-in yanında Xarici İşlər Şurasında nitq söyləmiş, görüşdə iştirak edən yerli və xarici siyasətçilərin suallarını cavablandırmışdır.
Bununla da səfərin ilk günü başa çatmışdır.