Azərbaycanın xarici işlər naziri Uqanda Prezidenti ilə görüşüb
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 19-cu Zirvə görüşündə iştirak məqsədilə Uqanda Respublikasına səfəri çərçivəsində bu ölkənin Prezidenti Yoveri Kaquta Museveni ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyin Uqandaya təhvil verilməsi ilə bağlı təbrikləri bu ölkənin dövlət başçısına çatdırılıb. Eyni zamanda, Azərbaycanın sədrlik təcrübəsini Uqanda ilə bölüşməyə hazır olduğu bildirilib.
Görüşdə iki dövlət arasında siyasi münasibətlərin müxtəlif istiqamətləri üzrə əsas gündəm mövzuları ətrafında fikir mübadiləsi aparılıb və əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. Həm ikitərəfli əsasda, həm də BMT, Qoşulmama Hərəkatı və digər çoxtərəfli əməkdaşlıq platformaları çərçivəsində əhəmiyyətli məsələlər üzrə əlaqələndirmə və qarşılıqlı dəstək təcrübəsinin davam etdirilməsinin önəmi vurğulanıb.
Azərbaycan-Uqanda ikitərəfli əlaqələrinin inkişafı, iqtisadi, sosial və humanitar sahələrdə təmasların və işgüzar münasibətlərin intensivləşdirilməsinə dair həmfikirlik ifadə olunub.
Söhbət zamanı Ermənistanın ölkəmizə qarşı təcavüzü, qaçqın və məcburi köçkün probleminə toxunularaq, keçmiş münaqişənin tarixçəsi barədə qarşı tərəfə ətraflı məlumat verilib. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsini və sonrakı qısamüddətli antiterror tədbirlərini şərtləndirən amillərdən bəhs olunub. Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət barədə danışılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.