ŞƏRH
Azərbaycanın yaşıl enerjiyə keçidlə bağlı öz təcrübəsi var ŞƏRH
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycanın iqlim şəraiti, oroqrafik quruluşu yaşıl enerjinin inkişaf etdirilməsi, gələcəkdə isə yaşıl enerji hesabına bütün enerji tələbatını ödəməsi və ixracı üçün imkan verir. Son illərdə ölkədə alternativ enerji mənbələrinin yaradılması istiqamətində əhəmiyyətli işlər görülüb. Hətta Azərbaycanın yaşıl enerjiyə keçidlə bağlı öz təcrübəsi də mövcuddur və biz bunu digər ölkələrlə bölüşməyə də hazırıq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov söyləyib.
O bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ölkəmiz üçün əlavə imkanlar yaradacaq. Nəzərə almalıyıq ki, Azərbaycana qarşı həyata keçirilən anti-Azərbaycan təbliğatının bir istiqaməti də ölkəmizin karbohidrogen ehtiyatlarına malik olması və ondan uzun illərdir ki, intensiv istifadə etməsidir. Təəssüf ki, Azərbaycan neftinin bəşəriyyətə verdiyi töhfələri unutdurmağa çalışırlar. Azərbaycan karbohidrogen istehsalçısı olsa belə, müstəqillik illərində bu ehtiyatların hasilatının ətraf mühitə təsirlərinin azaldılması istiqamətində əhəmiyyətli işlər həyata keçirib. Minlərlə hektar çirklənmiş sahə, göllər təmizlənib və hazırda yaşıl zonalara çevrilib. Eyni zamanda, Azərbaycan Avropanın bir çox ölkələrindən fərqli olaraq daha zərərli və atmosferdə daha çox karbon emissiyasının yaranmasına yol açan daş kömür, torf, yanar şitlərdən istifadə etmir. Azərbaycanın atmosferə karbon emissiyası dünyanın əksəriyyət ölkələrindən, o cümlədən ABŞ, Çin, Hindistan və Avropa ölkələrindən dəfələrlə azdır.
“Azərbaycan yaşıl enerjiyə keçidlə bağlı öz maliyyə resurslarından istifadə etməklə yanaşı, xarici investorları da cəlb edə bilib. COP29-un isə bu istiqamətə Azərbaycan üçün daha geniş imkanlar açması mümkündür. Dünyanın maliyyə təsisatları Azərbaycana bu sahədə maliyyə ayırmaqda həvəsli ola bilər. Əminəm ki, COP29-da Azərbaycan özünü qlobal müstəvidə, o cümlədən Azərbaycana yaşıl enerji sahəsində yatırım etmək və ya kreditlər ayırmaq istəyən təsisatlar üçün yüksək səviyyədə təqdim edə biləcək”, - deyə S.Məmmədov vurğulayıb.