Azərbaycanın yeniyetmə badmintonçuları Kiprdən beş medalla qayıdırlar
Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycanın yeniyetmə badmintonçuları Kiprin paytaxtı Nikosiyada keçirilən "Cyprus International 2023" beynəlxalq turnirində beş medal qazanıblar.
Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, Əli Gözəlov 15 yaşadək oğlan badmintonçuların şəxsi yarışında qızıl medala sahib çıxıb. O, Polşa, Yunanıstan və Kipr təmsilçilərinə qalib gələrək müvafiq kateqoriya üzrə ən güclü olub.
15 yaşadək badmintonçuların şəxsi yarışında finala kimi irəliləyən Leyla Camalzadə isə ikinci yerə layiq görülüb.
Leyla Camalzadə-Aysu Kərimzadə tandemi bu yaş kateqoriyası üzrə qızların qoşa yarışında finalda uduzaraq, gümüş medalla kifayətlənib.
Əli Gözəlov və Aysu Kərimzadə 15 yaşadək badmintonçuların qarışıq qoşa kateqoriyasında, Sərxan Bağırov-Əli Gözəlov cütü isə 17 yaşadək badmintonçuların mübarizəsində fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.
Qeyd edək ki, yeniyetmə badmintonçular bu il İsrail, Xorvatiya və Serbiyada keçirilən beynəlxalq turnirlərdə dəfələrlə fəxri kürsüdə yer alaraq müxtəlif əyarlı medallar qazanıblar.