SİYASƏT
Azərbaycanın Zəfər Günü Cənubi Koreyada qeyd olunub VİDEO
Pekin, 7 noyabr, AZƏRTAC
Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə paytaxt Seulda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Cənubi Koreyanın siyasi, iqtisadi, elmi, mədəni dairələrinin və media nümayəndələrinin, diplomatların, eləcə də Azərbaycan diasporunun fəallarının iştirak etdikləri tədbirdə səfir Ramin Həsənov 8 Noyabr - Zəfər Gününün Azərbaycanın müasir tarixindəki yerindən bəhs edərək, xalqımıza qarşı 30 il davam edən, dünya birliyinin də göz yumduğu tarixi ədalətsizliyə məhz Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə ilə son qoyduğunu bildirib. O, qazanılan Zəfərin Ermənistanın işğal etdiyi və viran qoyduğu Azərbaycan torpaqlarının azad edilməsi ilə yanaşı, azərbaycanlı məcburi köçkünlərin hüquqlarının bərpası baxımından da böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Ramin Həsənov bildirib ki, bu Qələbəni Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi və qətiyyəti, torpaqlarının işğalı ilə heç vaxt barışmayan Azərbaycan xalqının mübarizə ruhu və milli birliyi təmin edib. O, torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib və qazilərimizə şəfa diləyib.
Başa çatmış münaqişənin xalqımıza vurduğu dərin yaralar hələ sağalmasa da, ölkəmizin Ermənistanla sülh şəraitində yaşamağa hazır olduğunu diqqətə çatdıran səfir məhz Azərbaycanın Ermənistanla sülh sazişi imzalamaq təşəbbüsü ilə çıxış etdiyini bildirib. Həmçinin sülh danışıqlarının gedişatı, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə əldə olunan praktik nəticələr və sülh gündəliyimizin digər məsələləri barədə məlumat verib. Vurğulayıb ki, Ermənistan Azərbaycanla sülh üçün səmimi addımlar atarsa, regionda davamlı sabitliyə nail olmaq mümkündür.
Ramin Həsənov, həmçinin işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan bərpa işlərindən və mina problemindən bəhs edib. Bundan əlavə, ölkəmizin regional əməkdaşlığın gücləndirilməsi istiqamətində göstərdiyi fəaliyyətdən, qlobal aləmdə yürütdüyü fəal diplomatiyadan danışıb, o cümlədən bu günlərdə COP29 tədbirinə ev sahibliyi edəcəyini diqqətə çatdırıb.
Ziyafətlə davam edən mərasimdə koreyalı caz ustalarının ifasında dünya və Azərbaycan musiqisindən nümunələr səsləndirilib.
Tədbir çərçivəsində Zəfər Gününü əks etdirən fotolar nümayiş olunub, Azərbaycana dair müxtəlif materiallar təqdim edilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin