Azərbaycanla İran arasında kitabxana və arxiv sahələrində əməkdaşlıq əlaqələri müzakirə olunub
Tehran, 21 iyun, AZƏRTAC
Kitablar və qədim əlyazmalar bilik mənbəyi olmaqla yanaşı, həm də xalqların milli irsini gələcəyə çatdıran mühüm sənədlərdir. Bu sahədə əməkdaşlıq xalqların tarixini və milli-mənəvi dəyərlərini öyrənməyə, yaşadaraq gənc nəslə çatdırmağa imkan verir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İranda səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimov İranın Milli Kitabxana və Arxiv İdarəsinin müdiri Əlirza Muxtarpur ilə görüşündə bildirib.
Nazir qeyd edib ki, İranın çox zəngin kitabxanaları var və bu kitabxanalarda qədim əlyazmalar saxlanılır. Sovet dövründə arxivlərdə milli dəyərlərə aid əlyazmalarla işləməyə imkan verilmirdi. Bəzi hallarda milli irsimizi özündə əks etdirən qədim əlyazmalar məhv edilirdi. İranın arxivlərində Azərbaycan və Qarabağa dair əlyazma və tarixi sənədlər saxlanılır. Bu sahədə qarşılıqlı əməkdaşlıq etməkdə maraqlıyıq. Kitabxana və arxiv sahəsində əməkdaşlıq xalqların ortaq tarixini öyrənib təbliğ etməyə geniş imkan yaradır. Azərbaycan və İranın təbliğ olunası və çoxlu sayda qeyri-maddi mədəniyyət abidələri var. Əlyazma və qədim kitablar da bu abidələrin əsasını təşkil edir.
Vaxtilə İrəvan xanlığında 269 məscid olub. Milli irsimizi məhv etmək məqsədilə bu məscidlərin hamısı dağıdılıb. İran arxivlərində İrəvan xanlığı ərazisindəki məscid və digər tarixi və dini abidələrimzə, milli irsimizə dair çoxlu sənədlər var ki, onlarla tanışlıq irsimizin bərpasına və gələcək nəsillərə çatdırlımasına imkan verər.
İranın Milli Kitabxana və Arxiv İdarəsinin müdiri kitabxana və arxiv sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Nəzərə çatdırıb ki, informasiya texnologiyalarının inkişafı ilə əlaqədar bu tarixi sənədlər və əlyazmalar elektron formaya salınaraq saxlanılır. Bu sənədlərlə tanışlıq üçün birgə işçi qrupun yaradılması məqsədəuyğundur. İşçi qrupunun vasitəsilə qədim mənbələrin mübadiləsini həyata keçirmək və əməkdaşlığı davam etdirmək olar.
Azərbaycanın mədəniyyət naziri Qarabağın, Şuşanın tarixini əks etdirən kitabları İranın milli kitabxanasına hədiyyə edib.
Görüşdən sonra nazir Anar Kərimov dahi Azərbaycan şairi Nizami Gəncəvinin kitabxanada saxlanılan əlyazmaları və digər tarixi sənədlərlə tanış olub.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran