AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDA HÜQUQİ SAHƏDƏ ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
Hüquqi əməkdaşlığa böyük əhəmiyyət verərək, iki ölkə arasında zəngin müqavilə-hüquq bazası yaranmış, ümummilli liderimiz Heydər Əliyevin 2001-ci ildə Türkiyəyə səfəri çərçivəsində ölkələrimizin ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Protokolun imzalanması məhkəmə-hüquq sahəsində səmərəli əlaqələrin inkişafına əlavə təkan olmuşdur.
Azərbaycan və Türkiyə ədliyyə nazirlikləri arasında əməkdaşlığın genişlənməsi və keyfiyyətcə daha da zənginləşməsi məqsədi ilə Türkiyənin ədliyyə nazirləri Azərbaycana səfərlər etmiş, ədliyyə fəaliyyətinin müxtəlif sahələrini əhatə edən Əməkdaşlıq proqramı imzalanmışdır.
Türkiyənin ədliyyə naziri, hökumət sözçüsü və Təhlükəsizlik Şurasının üzvü Cəmil Çiçəyin dəvəti ilə Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov nümayəndə heyəti ilə Türkiyədə səfərdə olmuşdur.
Səfərinin ilk günündə ədliyyə naziri Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün məzarını ziyarət etmiş, xatirə kitabında ürək sözlərini yazmışdır. Səfər çərçivəsində o, Türkiyə ədliyyə naziri Cəmil Çiçək, Konstitusiya Məhkəməsinin sədri Mustafa Bumin, Ali Məhkəmənin sədri Eraslan Özkaya, Ali İnzibati Məhkəmənin sədri Ender Çetinqaya, Baş prokuror Nuri Ok, Hakimlər və Prokurorlar Ali Şurasının üzvləri ilə görüşmüş, müasir tipli, ən yüksək beynəlxalq tələblərə cavab verən cəzaçəkmə müəssisəsinə baş çəkmişdir.
Görüşlər zamanı Azərbaycanda həyata keçirilmiş məhkəmə-hüquq islahatının mütərəqqi nəticələri xüsusi vurğulanmış, hüquqi sahədə əməkdaşlığın hər iki tərəf üçün əhəmiyyəti qeyd olunmuş, konkret məsələlər üzrə müzakirələr və təcrübə mübadiləsi aparılmış, habelə ölkələrimizin ədliyyə nazirlərinin iştirakı ilə mətbuat konfransı keçirilmişdir.
Azərbaycanın ədliyyə naziri Türkiyə Cümhuriyyəti Baş nazirinin birinci müavini Mehmet Əli Şahin tərəfindən qəbul edilmiş, ölkələrimiz arasında yaranmış dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üzrə faydalı fikir mübadiləsi aparılmışdır.
Nazir İstanbulda Azərbaycan xalqının xilaskarı və milli dövlətçiliyimizin qurucusu Heydər Əliyevin abidəsini ziyarət etmiş, onun adını daşıyan parkda olmuş və fotosərgiyə baxmış, böyük öndərimizin əziz xatirəsini ehtiramla yad edərək xatirə kitabına ürək sözlərini yazmışdır. F.Məmmədov İstanbulun baş prokuroru, ədliyyə və məhkəmə işçiləri ilə də görüşlər keçirmiş, təcrübə mübadiləsi aparmışdır.