İQTİSADİYYAT
Azərbaycanlı alim Çin Beynəlxalq İqtisadi və Ticarət Arbitraj Komissiyasına üzv seçilib
Bakı, 21 dekabr, AZƏRTAC
Azərbaycanlı çinşünas alim, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktorunun baş müşaviri Rəşad Kərimov Çin Beynəlxalq İqtisadi və Ticarət Arbitraj Komissiyasına (China İnternational Economic and Trade Arbitration Comission - CIETAC) üzv seçilib.
AZƏRTAC xəbər verir ki, Çin Beynəlxalq İqtisadi və Ticarət Arbitraj Komissiyası Çinin Beynəlxalq Ticarətin İnkişafı üzrə Şurasının tərkibində fəaliyyət göstərən beynəlxalq arbitraj institutudur. İlk dəfə olaraq 1956-cı ildə beynəlxalq ticarətin təşviqi üzrə Çin Şurasının Xarici İqtisadi və Ticarət Arbitraj Komissiyası adı ilə təsis edilib. 1980-ci ildə bu qurumun adı Xarici İqtisadi və Ticarət Arbitraj Komissiyası adlandırılmışdı. 1988-ci ildən etibarən Çin Beynəlxalq İqtisadi və Ticarət Arbitraj Komissiyası kimi fəaliyyət göstərir. Bu komissiya müstəqil və qərəzsiz ticarət mübahisələrini arbitraj vasitəsilə həll edir. 2000-ci ildə Çin Beynəlxalq İqtisadi və Ticarət Arbitraj Komissiyası CCOIC Arbitraj Məhkəməsinin adından istifadə etməyə başlayıb.
Komissiyanın qərargahı Pekində yerləşir, Şanxendə və Şanxayda bölmələri vardır. Arbitraj komissiyası öz arbitrlərinə və arbitraj reqlamentinə malikdir. Reqlament 1994-cü il martın 17-də qəbul edilib. CIETAC-ın, həmçinin üç ixtisaslaşdırılmış komitəsi var: Ekspert məsləhət komitəsi, Məhkəmə işlərinin nəşri komitəsi və Arbitrlərin Kvalifikasiyasına nəzarət Komitəsi.
Onu da qeyd edək ki, Rəşad Seyfəddin oğlu Kərimov 1995-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Çin dili bölməsinə daxil olub. Bir ildən sonra BDU-dan ilk olaraq Çin dili ixtisası üzrə ÇXR-in Pekin Dillər və Mədəniyyət Universitetinə göndərilib. Təkcə qədim tarixi və dünya xəzinəsinə verdiyi mədəni kəşfləri ilə deyil, həm də siyasi, iqtisadi güc mərkəzi olmaq imkanları ilə də böyük nüfuz sahibi olan Çinə olan marağının nəticəsində bakalavr təhsilindən sonra magistratura təhsilini də Pekin Dillər və Mədəniyyət Universitetində alıb. Sonra isə ÇXR Xarici İşlər Nazirliyinin Beynəlxalq Əlaqələr Universitetinin doktoranturasına daxil olub. 2008-ci ildə “Azərbaycan-Çin əlaqələri Azərbaycan Respublikasının xarici siyasəti kontekstində” mövzusunda dissertasiya müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. 4 il Azərbaycanın ÇXR-dəki səfirliyində çalışıb. Azərbaycana qayıtdıqdan sonra 2014-cü ildə “Azərbaycan-Çin Əməkdaşlığı” İctimai Birliyini təsis edib.
R.Kərimov Çin üzrə müxtəlif kitabların, o cümlədən 2017-ci ildə Çində çap edilmiş 20 min sözü özündə əks etdirən “Çincə-azərbaycanca lüğət”in müəllifidir. Bu kitab bir çox onlayn internet platformalarında (o cümlədən Amazonda) satışdadır.