Azərbaycanlı alimin monoqrafiyası Almaniyada çap edilib
Bakı, 30 iyul, AZƏRTAC
Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Yeqzar Cəfərlinin monoqrafiyası Almaniyada çap olunub.
AZƏRTAC xəbər verir ki, “LAP Lambert Academic Publishing” beynəlxalq nəşriyyatı tərəfindən ingilis dilində nəşr olunan “Den Braunun romanlarında gerçəklik və onun postmodern strukturu” adlı kitabda çağdaş dövr amerikan ədəbiyyatının nümayəndəsi Den Braunun “Mələklər və iblislər”, “Da Vinçi şifrəsi” və “Cəhənnəm” romanları sosial, alternativ və postmodern gerçəklik kontekstində təhlil edilib.
148 səhifədən ibarət monoqrafiya tədqiqatçılar, ədəbiyyatşünaslar, həmçinin geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Qeyd edək ki, elmi və tədris ədəbiyyatının Avropa dillərində nəşri üzrə ixtisaslaşmış “LAP Lambert” nəşriyyatı Almaniyada yerləşir. Burada nəşr olunan kitablar beynəlxalq kataloqlara daxil edilir, eyni zamanda www.morebooks.de, www.amazon.de, www.amazon.co.uk, www.amazon.com və digər veb-saytlar vasitəsilə bütün dünyada satılır.