Azərbaycanlı deputat AŞPA-da əfqan qaçqınların üzləşdikləri humanitar böhrandan danışıb
Strasburq, 13 oktyabr, AZƏRTAC
Əzabkeş Əfqanıstan və əfqan xalqı haqqında danışmaq, yazmaq istəyərkən əvvəlcə mərhəmət hissi olmalıdır. Müzakirə etdiyimiz “Əfqanıstan və əfqan qaçqınlar üçün yaranan humanitar böhran” adlı məruzə məhz belə bir nəcib niyyətin ifadəsi olaraq yaranıb. “Taliban” Şərq qruplaşması olsa da, Qərb layihəsidir. Onu yaradıb dövriyyəyə buraxanlar ehtimal etmədilər ki, doğurduqları bu bədheybət bir gün idarəolunmaz yırtıcıya çevriləcək. Onu yenidən tabe olmağa çağıranda, o, aləmi bildiyi və istədiyi kimi qarışdıracaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun payız sessiyasında “Əfqanıstan və əfqan qaçqınlar üçün yaranan humanitar böhran” adlı müzakirələr zamanı çıxışında deyib.
O bildirib ki, yarım əsrdən artıqdır əfqanların rahatlığı yoxdur. 1970-ci illərin sonlarından başlanan hərbi müdaxilə bu ölkənin başına çox müsibətlər gətirib. Ancaq 2021-ci ilin avqustunda Əfqanıstanda “Taliban”ın hakimiyyəti ələ keçirməsindən sonra ölkənin və xalqın həyatında daha acınacaqlı səhifə açılıb. Orta əsrlərə bəzən haqsız və elmi baxımdan da əsassız olaraq “qaranlıq əsrlər” deyirlər. Hərçənd orta əsrlərdə dünyanın bir çox ölkələri parlaq inkişaf yaşamışdır. Ancaq bütün mənfi çalarları ilə “qaranlıq vaxt” ifadəsini bugünkü Əfqanıstana tərəddüdsüz aid etmək mümkündür.
R. Hüseynov qeyd edib ki, əfqan xalqının, bu ölkənin tarixinə yaxşı bələddir. Onlar öz torpaqlarına çox bağlı olan insanlardır. “Taliban”ın Əfqanıstanda insanlıq əleyhinə törətdiyi ən ağır cinayətlərdən biri 2001-ci ildə 1400 yaşlı nəhəng Budda heykəllərini partlatması oldu. Əfqanıstandakı ictimai-siyasi şərait və rejim əfqan qadınlarının və qızlarının taleyini, gələcəyini dünyanın gözü qarşısında elə həmin Budda heykəlləri kimi hər gün məhv edir.
Məruzədə Avropada miqrant və qaçqınlara, o sırada əfqanlara münasibətdə daha həssas olmağa yönələn çağırışlar çox ədalətli, yüksək mənəviyyatın ifadəsi hesab olunur, əfqan mühacirlərin Avropa ölkələrindən vətənlərinə deportasiya edilməsinin yolverilməz olmasının, həmin qaçqınların ciddi diskriminasiyaya məruz qalacağına gətirib çıxaracağının ayrıca vurğulanması təqdir edilir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq