CƏMİYYƏT
Azərbaycanlı deputat uşaqlarda asılılıq yaradan davranışlarla bağlı qanunvericiliyin təkmilləşdirilməsinin vacibliyindən danışıb
Strasburq, 13 oktyabr, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında “Uşaqlarda asılılıq yaradan davranışların qarşısının alınması, uşaqların və yeniyetmələrin psixi sağlamlığı və rifahı” adlı məruzənin müzakirələri zamanı çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva bu gün dəyişən müasir dünyada uşaqların böyük seçim qarşısında olmasından və bu seçimlərdən necə düzgün yararlanmasından danışıb.
Həmyaşıdları və müvafiq insanlarla ünsiyyətin olmaması, valideynlərin diqqətsizliyi, özgüvənliyin və utancaqlıq, hamı kimi olmaq, hər şeylə ayaqlaşmaq istəyi kimi xüsusiyyətlər müxtəlif seçimlərlə üzləşən uşaqları yanlış yola da yönləndirə bilər. Belə vəziyyətdə onlarda asılılıq yaranması mümkündür. Asılılıq yaradan davranışlarla məşğul olan uşaqların heç də hamısı asılılığı inkişaf etdirməyəcək. Bununla belə, diqqət yetirilmədikdə və ya müalicə edilmədikdə, bu davranışlar böyüyə, uşağın rifahına və fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Bu gün sürətlə yayılan rəqəmsallaşmanın nəticələrindən söz açaraq, kompüter, planşet, telefon kimi mavi ekran qarşısında çox oturaraq oxumağın uşaqların sağlamlıq riskini artırdığını diqqətə çatdırıb. Bildirib ki, bu riskin uşaqların gələcək həyatına və bütövlükdə gələcək cəmiyyətlərin rifahına potensial təsiri dramatik ola bilər və bu problemlə bağlı ictimai məlumatlılığın dünya miqyasında olduğu kimi icmalarda da gücləndirilməsi lazımdır.
Azərbaycanlı deputat bu sahədə qanunvericiliyin tənzimlənməsinin vacibliyini qeyd edib. Qanun vasitəsilə alkoqolun, tütün və bəzi narkotik vasitələr kimi asılılıq yaradan maddələrin alınması və istehlakı üçün yaş həddi müəyyən edilə bilər. Vurğulayıb ki, uşaqları effektiv şəkildə qorumaq üçün qanunvericiliyin sürətlə inkişaf edən rəqəmsal mənzərə ilə ayaqlaşması vacibdir. Hökumətlər, texnoloji şirkətlər, uşaq müdafiə təşkilatları və valideynlər arasında əməkdaşlıq bu məqsədə çatmaq üçün çox vacibdir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq