Azərbaycanlı diplomat ABŞ-da keçirilən konfransda çıxış etmişdir
Vaşinqton, 7 may (AZƏRTAC). Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov Amerikanın “Sakit Okean Beynəlxalq Siyasət Şurası” (Pacific Council on International Policy) aparıcı akademik mərkəzinin illik konfransı çərçivəsində təşkil olunmuş seminarda çıxış etmişdir.
AZƏRTAC xəbər verir ki, seminarda azərbaycanlı diplomatla bərabər İsrailin baş konsulu Ceykob Dayan, Macarıstanın baş konsulu Balaş Bokor, RAND analitik mərkəzinin əməkdaşı Daliya Key və Çapman Universitetinin professoru Çeyms Koy da çıxış etmişlər. Tədbir iştirakçıları Yaxın Şərqdə hadisələrin inkişafını, ABŞ-ın regionda siyasətini və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etmişlər.
Elin Süleymanov öz çıxışında Azərbaycanın Avrasiyada strateji rolunu və ölkəmizin mədəniyyətlərarası dialoqa töhfəsini qeyd etmişdir. O, nümunə kimi bu ilin baharında Azərbaycanda bu mövzuya həsr edilmiş ümumdünya forumu keçirilməsini xatırlatmışdır. Diplomat demokratik təsisatların uzunmüddətli inkişaf perspektivlərinin yaradılması üçün tolerantlığı möhkəmlətməyin, əhalinin həyat səviyyəsinin yüksəldilməsinin, regional inteqrasiyanın və radikalizmdən imtina etməyin vacibliyini vurğulamışdır.
Baş konsul təhlükəsizlik və enerji layihələri sahəsində Azərbaycan ilə ABŞ-ın uğurlu əməkdaşlığı mövzusuna toxunaraq qeyd etmişdir ki, rəsmi Vaşinqton bu regiona münasibətdə ardıcıllıq nümayiş etdirməlidir.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton