Azərbaycanlı idmançılar batut gimnastikası üzrə dünya kubokunda medallar uğrunda mübarizə aparacaqlar
Bakı, 5 mart, AZƏRTAC
Azərbaycan gimnastları Bakıda keçiriləcək batut gimnastikası üzrə dünya kubokunda medallar uğrunda mübarizə aparacaqlar.
Bunu AZƏRTAC-a müsahibəsində batut gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi Vladimir Şulikin deyib.
Baş məşqçi deyib: “Fikrimcə, gimnastlarımız hələ də lazimi formada deyillər. İdmançılarımızın 70-80 faiz hazır olduqlarını düşünürəm. Hazırda ən əsası bir aydan sonra İspaniyanın Valyadolid şəhərində keçiriləcək Avropa çempionatında ən yaxşı formada olmaqdır. Bu, cari ilin ən əsas yarışlarından biridir. Sonra isə Dünya çempionatı, Ümumdünya Oyunlarının olduğu növbəti mövsümə hazırlaşacağıq”.
V.Şulikin qeyd edib ki, Bakıda keçiriləcək batut gimnastikası üzrə dünya kuboku olduqca mötəbər turnirdir. “Fikrimcə, kubokda iştirak üçün bütün güclü idmançılar gəliblər. Yalnız Çin və Kanada təmsilçilərindən başqa, bütün güclü Avropa ölkələri, həmçinin Yaponiya, Avstraliya, ABŞ, Rusiya və Belarus ən yaxşı idmançıları ilə təmsil olunurlar. Kifayət qədər güclü rəqabətin olacağı gözlənilir. Kişilər arasında yarışlarda şanslarımız daha böyükdür. Yığmamızın lideri İlya Qrişunin medallar uğrunda mübarizə apara bilər. Sinxron çıxışlarda İlya Qrişunin və Oleq Piunov yaxşı nəticə göstərə bilərlər”, - deyə baş məşqçi qeyd edib.
Onun sözlərinə görə, Bakıdakı Milli Gimnastika Arenasının yeni tərtibatı bütün idmançıların ürəyincədir. Yarışlar yüksək səviyyədə təşkil olunub. Digər ölkələrin idmançıları da yaxşı əhval-ruhiyyədədirlər.
Baş məşqçi, həmçinin əlavə edib ki, qarşıdakı Avropa çempionatında Azərbaycan yığmasını kişilər arasında İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov və ikili mini-batut üzrə yarışlarda (batutda tullanmanın ayrıca növü) iştirak edəcək Dmitri Fedorovski, eləcə də tamblinq üzrə çıxış edəcək Mixail Malkin təmsil edəcəklər.
"Azərbaycan qadınlar arasında fərdi və sinxron çıxışlarda Svetlana Makştarova və Sabina Zaytseva ilə təmsil olunacaq. Beləliklə, Avropa çempionatına kifayət qədər böyük komanda gedəcək. Həmçinin komanda birinciliyi keçiriləcək və finala vəsiqə qazanmağımızın özü böyük uğur olacaq", - deyə, o bildirib.