Azərbaycanlı jurnalistlər “Airbus” şirkətinin Hamburqdakı istehsalat kompleksi ilə tanış olublar
Hamburq, 24 iyun, AZƏRTAC
Azərbaycanın media nümayəndələri aviasiya nəhəngi “Airbus” şirkətinin Almaniyanın Hamburq şəhərindəki istehsalat anqarı ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, mediatur çərçivəsində jurnalistlərə şirkətin qlobal miqyasda fəaliyyəti, təyyarələrin yığılma prosesi və tətbiq olunan ən son texnoloji innovasiyalar barədə ətraflı məlumat verilib.
“Airbus” şirkətinin rəsmisi Daniel Verdunq bildirib ki, korporasiyanın qlobal istehsal şəbəkəsi bir neçə ölkəni əhatə edir. Qeyd olunub ki, təyyarələrin əsas istehsal və montaj prosesi Almaniya (Hamburq), Fransa (Tuluza), Çin (Tiencin) və ABŞ-də (Mobil, Alabama ştatı) yerləşən zavodlarda həyata keçirilir.
D.Verdunqun sözlərinə görə, Hamburq kompleksi şirkətin ən mühüm sənaye mərkəzlərindən biridir. “Hamburqdakı istehsalat xətlərində ay ərzində təqribən 70-75 sərnişin təyyarəsinin yığım prosesi icra olunur. “A220” modeli istisna olmaqla, şirkətin digər populyar darfüzelajlı və genişfüzelajlı hava gəmilərinin istehsalı məhz burada reallaşdırılır. Təyyarələrin son montaj xətti isə Fransanın Tuluza şəhərindəki istehsalat kompleksində tamamlanır”, - deyə o vurğulayıb
Zavodun genişmiqyaslı istehsalat anqarı ilə yaxından tanış olan azərbaycanlı media mənsubları təyyarələrin montaj prosesini canlı izləmək imkanı da əldə ediblər.
Ceyhun Rüstəmov