Azərbaycanlı şagird Qazaxıstanda “Caspian Startup” müsabiqəsinə vəsiqə qazanıb
Bakı, 13 iyul, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr əvəzi İnarə Vəliyeva Qazaxıstanın Aktau şəhərində təşkil olunması nəzərdə tutulan “Caspian Startup” müsabiqəsinin final mərhələsinə vəsiqə qazanmış 10-cu sinif şagirdi Əminə Əsədova ilə görüşüb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, İnarə Vəliyeva Qazaxıstan universitetinə tam təqaüd qazanan məktəblini təbrik edib, ona gələcək həyatında uğurlar arzulayıb.
Bildirilib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, yerli innovasiya mühitinin formalaşdırılması, ekosistemin gücləndirilməsinə xidmət edir. Fiziki və hüquqi şəxslərə innovasiya yönümlü elmi-tədqiqatlarına və innovativ layihələrinə (startaplara) dəstək vermək, müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərərək ölkədə İKT sahəsində əlçatan təhsil və karyera imkanlarını təmin etmək, rəqəmsal hökumət və rəqəmsal cəmiyyətin qurulması və təşkilini həyata keçirmək Agentliyin prioritet istiqamətləridir.
Qeyd edək ki, cari il iyunun 6-da keçirilmiş müsabiqədə Ə.Əminə 1-ci yerin qalibi olub və “Kazakh-British Technical University”də təhsil haqqına 100 faiz güzəşt qazanıb. Müsabiqədə iştirak ilə bağlı İRİA-ya müraciət edən Əminə Əsədovaya Agentlik tərəfindən tam dəstək verilib.