Azərbaycanlıların Soyqırımı Günü Çində də qeyd edilib
Pekin, 1 aprel, AZƏRTAC
Azərbaycanın Çindəki səfirliyində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib.
Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən səfir Lətif Qəndilov 1918-ci ilin martında Azərbaycan xalqının üzləşdiyi faciənin ən dəhşətli cinayətlərdən biri olduğunu bildirib, həmin dövrdə Şaumyanın başçılığı ilə bolşeviklər və erməni daşnaklarının Bakıda, Şamaxıda, Qubada, Lənkəranda, Salyanda, Zəngəzurda, Naxçıvanda törətdikləri qanlı terror əməllərindən bəhs edib.
Səfir rus imperiyasının siyasəti nəticəsində ermənilərin İrəvan və Naxçıvan xanlıqlarının ərazisində yerləşdirilərək erməni vilayətlərinin yaradılmasının, Rusiya-Osmanlı müharibələrindən sonra da ermənilərin süni məskunlaşdırma siyasətinin Azərbaycan torpaqlarında davam etdirilməsinin məkrli siyasətin davamı olduğunu diqqətə çatdırıb. XIX əsrin ikinci yarısında “Hnçak”, “Daşnaksütyun” kimi ekstremist qrupların yaradılması və onların havadarlarının iştirakı ilə 1905-1907-ci illərdə Bakıda baş vermiş ilk qanlı hadisələr 1918-ci ilin mart qırğınına aparan yolun düşünülmüş ssenarisi olub. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti baş verənlərə siyasi qiymət verilməsinə cəhd göstərsə də, onun süqutundan sonra buna uzun illər nail olunmadı.
Tarixin azərbaycanlıları dəfələrlə sınağa çəkdiyini qeyd edən səfir L.Qəndilov 1948-1953-cü illərdə ermənilərin xarici ölkələrdən Ermənistan SSR-də yerləşdirilməsi üçün azərbaycanlıların dədə-baba torpaqları olan Qərbi Azərbaycandan zorla çıxarılmasının sovet rəhbərliyinin xalqımıza qarşı ədalətsizliyinin daha bir nümunəsi olduğunu deyib. Beləliklə, ərazilərimizin erməniləşdirilməsi 1988-ci ildə Qarabağın Ermənistana birləşdirilməsi kimi mənfur ideyanı gündəmə gətirməklə, sonrakı dövrdə ərazilərimizin işğalı ilə nəticələndi.
Səfir ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların Soyqırımı haqqında” Fərmanının tarixin qaranlıq səhifələrinə işıq salmağa imkan verdiyini söyləyib. Bildirib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlandırılması üçün mühüm rol oynayır.
Daha sonra çıxış edən səfirliyin müşaviri Mətin Mirzə azərbaycanlıların soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, bu günlərdə ABŞ-ın Nyu-Cersi ştatının Baş Assambleyası 31 mart soyqırımı gününün xatirə günü kimi qeyd olunması ilə bağlı qətnamə qəbul edib. Bundan başqa, azərbaycanlıların soyqırımı son illər ABŞ-ın bir neçə ştatında qətnamə və proklamasiya şəklində tanınıb.
Tədbirdə emənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı barədə “Bakı soyqırımı” sənədli filmi nümayiş etdirilib.
Qeyd edək ki, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı səfirliyin hazırladığı məlumat və Azərbaycan ombudsmanının bəyanatı Pekində akkreditə olunmuş səfirliklərə, Çinin Xarici İşlər Nazirliyinə, Beynəlxalq Münasibətlər üzrə Akademiyasına, Dövlət Şurası yanında Avropa və Asiyanın Sosial İnkişafı İnstitutuna, Sosial Elmlər Akademiyasına və yerli KİV-lərə göndərilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin