AZERCELL TELECOM-UN YENİ EKSPRESS MƏRKƏZLƏRİ İSTİFADƏYƏ VERİLMİŞDİR
Müəssisənin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu mərkəzlər sayəsində telefon almaq üçün diler mağazasına, ödəmələr üçün ödəmə məntəqələrinə və ya banklara, hər hansı bir servisdən istifadə etmək üçün isə müştəri xidmətlərinə müraciət etmək lazım gəlməyəcəkdir. Bütün bunların öhdəsindən yeni ekspress mərkəzlər gələcəkdir. Beləliklə, Azercell-in abonentləri operatorun xidmətlərindən rahatlıqla istifadə ilə yanaşı, həm də vaxta qənaət etmiş olacaqlar. Bu, təkcə Azərbaycanda deyil, hətta MDB məkanında bənzərsiz xidmət sayılacaqdır.
Xatırladaq ki, ilk ekspress mərkəz bu ilin iyun ayında Bakının Neftçilər prospektində açılmışdı. İndi isə abonentlər şəhərimizin beş ünvanında yerləşən servis mərkəzlərinin xidmətindən istifadə edə bilərlər.
Tezliklə vətəndaşlarımız bu xidmət növündən respublikanın müxtəlif bölgələrində də yararlana biləcəklər.
Yeni mərkəzlərin açılışında Türkiyənin ölkəmizdəki səfiri Əhməd Ünal Çeviköz, Azercell Telecom BM-in baş direktoru Sərdar Canoğulları, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələri iştirak etmişlər.