İQTİSADİYYAT
“Azerfloat” QSC ölkəmizin iqtisadiyyatına əhəmiyyətli töhfələr verib
Bakı, 25 oktyabr, AZƏRTAC
Azərbaycanda qeyri-neft sənayesinin inkişafına xidməti innovasiyalar və ən yeni rəqəmsal həllərlə göstərmək əsas məqsədimizdir.
AZƏRTAC xəbər verir ki, bunu oktyabrın 25-də Bakıda keçirilən “SAP Discovery Day Baku” forumu çərçivəsində “Benefits and Features of SAP/4HANA Digital Platform” sessiyasında “Azerfloat” şirkətinin icraçı direktoru Emil Həsənov deyib.
Şirkət barədə məlumat verən Emil Həsənovun sözlərinə görə, “Azerfloat” Azərbaycanda termoformasiya üsulu ilə vərəqə şüşə istehsal edən ilk zavoddur. Zavod hər il 80 min ton vərəqə şüşə istehsal edir. Bu da 4 millimetr qalınlığında 8 milyon kvadratmetr şüşəyə bərabərdir. Zavod üç növ şüşə - şəffaf, rəngli və reflektiv şüşə istehsal edir. Bu istehsalat prosesində daim yeni həllər axtardıqlarını qeyd edən E.Həsənov gələcəkdə də bu innovativ yeni həllərdən, rəqəmsallaşma, o cümlədən "SAP S/4HANA" flaqman həllər bazasının təcrübəsindən istifadə edəcəklərini bildirib.
“Azerfloat” QSC-nin Azərbaycanda qeyri-neft sənayesinin inkişafına xidmət edən başlıca şirkətlərdən biri olaraq ölkənin iqtisadiyyatına əhəmiyyətli töhfələr verdiyini deyən E.Həsənov bildirib ki, şirkət çox qısa zamanda həm yerli vərəqə şüşə bazarında müsbət dinamika yaratdı, həm də münasib qiymətə yüksək keyfiyyət axtarışında olan regional şüşə emalatçıları üçün əvəzolunmaz ünvana çevrildi. Şirkətin cari müştəri portfelinə Böyük Britaniya, İspaniya, İrlandiya, Niderland, Polşa, İsrail, Türkiyə, Ukrayna, Gürcüstan və Rusiya kimi ölkələrdə fəaliyyət göstərən şirkətlər daxildir.
“Azerfloat” 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidentliyi hüququnu əldə edərək istehsal fəaliyyətini yüksək effektivliklə həyata keçirməyə imkan verən güclü infrastruktur şəbəkəsinə çıxış əldə edib. 2021-ci ildən başlayaraq, qısa müddətdə münasib qiymətə yüksək keyfiyyətli şüşə təchizatçısı reputasiyasını qazana bildik. O vaxtdan həm daxili, həm də xarici bazarlarda “Azerfloat” şüşəsinə davamlı artan tələbat var”, - deyə E.Həsənov bildirib.