“AzerGold” QSC Mülki Müdafiə Günü ilə bağlı maarifləndirici tədbir keçirib
Bakı, 28 fevral, AZƏRTAC
Fevralın 28-də “AzerGold” QSC Çovdar filiz emalı sahəsində Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar “Məqsədimiz - uşaqların müdafiəsidir!” mövzusunda maarifləndirici tədbir keçirib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə “AzerGold”un idarə heyəti sədrinin müavini Oqtay Məmmədov və şirkət əməkdaşları, Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini və fövqəladə hallar komissiyasının sədri Cavanşir Qocayev, Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin mülki müdafiə üzrə əməkdaşları, Qızıl Aypara Cəmiyyətinin nümayəndələri, Quşçu kənd icra nümayəndələri, bələdiyyə, məktəb direktorları və şagirdləri, FHN-in Gəncə şəhər və Daşkəsən rayon Dövlət Yanğından Mühafizə hissələrinin yanğın texnikaları və əməkdaşları, “AzerGold” QSC-nin Çovdar filiz emalı sahəsində yerləşən mülki müdafiə manqaları, podratçı və subpodratçı şirkətlərin nümayəndələri iştirak edib.
Tədbirdə sülh və müharibə dövründə insanların təhlükəsizliyinin təmin edilməsində mülki müdafiənin rolu, quruluşu, məqsədi və vəzifələri haqqında ətraflı söhbət açılıb, mülki müdafiə sahəsində hər bir vətəndaşın, o cümlədən uşaqların maarifləndirilməsinin vacibliyi vurğulanıb. Daha sonra konkret fövqəladə hallar imitasiya olunub və onlara qarşı görülməli olan tədbirlər əyani şəkildə nümayiş etdirilib.
Sonda “AzerGold” QSC iştirakçılara tədbirdə iştiraka dair müvafiq sertifikatlar və hədiyyələr təqdim edib.
Çovdar filiz emalı sahəsində maarifləndirici tədbir keçirməklə “AzərGold“ QSC uşaqların təhlükəsizliyinin təmin edilməsinə və fövqəladə hallara qarşı hazırlığın daha da yüksəlməsinə öz töhfəsini vermək niyyətindədir.