İQTİSADİYYAT
“Azəriqaz” və “PashaPay” onlayn xidmətlərin göstərilməsi istiqamətində əməkdaşlıq edəcək
Bakı, 10 oktyabr, AZƏRTAC
“PashaPay” MMC və “Azəriqaz” İB onlayn xidmətlərin göstərilməsi istiqamətində birgə əməkdaşlıq edəcək.
AZƏRTAC xəbər verir ki, “INMerge İnnovasiya Sammiti” çərçivəsində “PashaPay” MMC ilə “Azəriqaz” İB arasında ikitərəfli və qarşılıqlı faydalı əməkdaşlığın qurulması istiqamətində Anlaşma Memorandumu imzalanıb.
Memoranduma əsasən, “Azəriqaz” tərəfindən vətəndaşlara və hüquqi şəxslərə göstərilən bəzi xidmətlərin “m10” mobil tətbiqində rəqəmsallaşdırılması həyata keçiriləcək. Layihə çərçivəsində “m10” mobil tətbiqində “Azəriqaz” müştərilərinin şəxsi kabinetinin yaradılması, onlayn xidmətlərin göstərilməsi (ərizə və müraciət qəbulu, arayış verilməsi və s.), ödəniş təcrübəsinin yaxşılaşdırılması, eləcə də ödənişlərin stimullaşdırılması kimi müxtəlif yeni alətlərin tətbiqi nəzərdə tutulur.
Habelə qaz təchizatı xidmətinə görə müvafiq haqların ödənilməsi zamanı yarana biləcək sual, şikayətlərin dövlət və özəl tərəfdaşlığı çərçivəsində cavablandırılması və həll edilməsi də diqqətdə saxlanılacaq. Bu əməkdaşlıq, həmçinin müştərilərə “m10” mobil tətbiqinin operatoru “PashaPay” MMC-nin aid olduğu ekosistem daxilində təqdim edilən xidmətlərə əlçatanlığını da artırmış olacaq. Bununla da ekosistemin təqdim etdiyi geniş imkanlardan yararlanmağa imkan yaranacaq.
Qeyd edək ki, bu əməkdaşlıq “Azəriqaz” İB tərəfindən həyata keçirilən geniş rəqəmsallaşdırma proqramının tərkib hissəsidir və müasir innovativ həllərdən istifadə etməklə abonentlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi məqsədi daşıyır.