İQTİSADİYYAT
Azərişıq rəsmisi: İşıq sayğaclarına kənar müdaxilə ilə bağlı iddialar əsassızdır VİDEO
Bakı, 14 avqust, AZƏRTAC
Son zamanlar sosial şəbəkələrdə iyunda enerji sərfiyyatının artıq göstərilməsi ilə bağlı şikayətlər gündəmə gəlir. Belə bir hal 2018-ci ildə də yaşanıb və araşdırılaraq məlumat verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin enerji satışı departamentinin direktorunun birinci müavini Vüqar Nəbibəyli deyib.
O bildirib ki, “Azərişıq” ASC 2 milyon 700 mindən artıq abonentə xidmət edir. Onlardan 184 mini qeyri-əhalidir. Yay mövsümündə enerjidən istifadə hallarında artım müşahidə olunur. 2018-ci ilin iyul ayında iyun ayına nisbətən enerji artımı 407 milyon kilovatt/saat, 2019-cu ilin iyul ayında iyun ayına nisbətən 141 milyon kilovatt/saat enerji artımı, bu ilin ötən dövrü ilə müqayisədə isə 201 milyon kilovatt/saat enerji artımı qeydə alınıb.
V.Nəbibəyli qeyd edib ki, sayğaclara heç bir kənar müdaxilə edilmir. Sayğacların ölçü parametrlərini, o cümlədən, istehlak olunmuş elektrik enerjisi sərfiyyatı göstəricilərini dəyişmək mümkün deyil. İnformasiya sisteminə isə kənar müdaxilə müzakirə mövzusu ola bilməz. Hər bir abonent hesabat dövrü ərzində elektron və çap şəklində bildirişlər əldə edir. Burada hər bir sayğac üzrə istifadə olunmuş elektrik enerjisi göstəricisi təqdim olunur. Sayğaclara kənar müdaxilə ilə bağlı yayılan xəbərlər əsassızdır.