İQTİSADİYYAT
“Azərkosmos”un sədri Beynəlxalq Astronavtika Federasiyasına vitse-prezident seçilib
Milan, 15 oktyabr, AZƏRTAC
“Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov Beynəlxalq Astronavtika Federasiyasının vitse-prezidenti seçilib.
AZƏRTAC xəbər verir ki, qərar bu gün Milan Konqresində Federasiyanın Baş Assambleyasının iclasında qəbul edilib.
İclasda müzakirələrdən sonra Beynəlxalq Astronavtika Federasiyasının bürosu və komitə üzvləri Saməddin Əsədovun namizədliyini dəstəkləyiblər.
Bu təyinat ölkəmizin regional və beynəlxalq arenada yüksək nüfuzunun növbəti əyani göstəricisidir. Ölkəmiz üçün yüksək nailiyyət sayılan bu təyinat Azərbaycanın kosmik sahədə əldə etdiyi uğurların davamıdır.
Türk xalqları arasında kosmos sahəsində ilk yüksək vəzifə hesab olunan vitse-prezident postu ölkəmizin kosmos sahəsində də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq rolunu artıracaq. Büroda təmsil olunmaq Azərbaycanın dünyanın kosmik sənaye liderləri və siyasətçiləri ilə qazandığı əlaqələrlə federasiya üzvləri arasındakı əməkdaşlığı gücləndirəcək.
Qeyd edək ki, büro Beynəlxalq Astronavtika Federasiyasının əsas icra orqanıdır. Vitse-prezidentin əsas vəzifəsinə Baş Assambleyanın plenar iclaslarına, konqreslərinə, simpoziumlarına və federasiyanın digər iclaslarına rəhbərlik etmək, federasiyaya üzv olan kosmik qurumlara öz tövsiyələrini vermək, Baş Assambleyaya illik maliyyə hesabatının hazırlanmasına nəzarət etmək, federasiya daxilində komitələri təyin etmək, üzvlər arasında əməkdaşlığı gücləndirmək daxildir.
Saməddin Əsədovun vitse-prezident olaraq qlobal təşkilatda fəaliyyəti Azərbaycanın kosmik sahədə əldə etdiyi uğurların daha yüksək platformadan səsləndirilməsinə imkan verəcək.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Milan