Azərpaşa Nemət: Aprel döyüşlərində ordumuz tariximizin yeni mübarizə səhifəsini yazdı
Bakı, 31 mart, Ceyhun Alışlı, AZƏRTAC
“Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini bütün dünyaya nümayiş etdirib”.
Bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru, Xalq Artisti Azərpaşa Nemət söyləyib.
Ordumuzun vətəndaşların təhlükəsizliyini və sərhədlərimizi hər zaman layiqincə qoruduğunu, düşmənə lazımi cavab verdiyini vurğulayan teatrın direktoru deyib: “Azərbaycan ordusu bu gün dünyanın ən güclü ordularından biridir. Aprel döyüşlərində ordumuz tariximizin yeni mübarizə səhifəsini yazdı. Qəhrəman əsgərlərimiz 20 ildən artıqdır ki, düşmən tapdağı altında olan Vətən torpağını geri almaq üçün böyük şücaət göstərdi. Bütün baş verənlər böyük qürurla deməyə əsas verir ki, xalqımız qələbəyə çox yaxındır”.
A.Nemət cəbhədə aparılan hərbi əməliyyatların Azərbaycan ordusunun gücünü bir daha göstərdiyini qeyd edib. Bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşən xalqımız, ələlxüsus gənclərimiz işğal altında olan torpaqlarımızı azad etmək iqtidarındadır.
“Azərbaycan dövləti bütün beynəlxalq tədbirlərdə, danışıqlarda öz humanist mövqeyini dəfələrlə nümayiş etdirib və bəyan edib ki, biz sülhün, əmin-amanlığın tərəfdarıyıq. Əgər Azərbaycan xalqının sülh təşəbbüsləri nəticə verməzsə, gənclərimiz, qəhrəman əsgərlərimiz işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır.
Qeyd etmək istərdim ki, Azərbaycan teatr xadimləri, o cümlədən, Akademik Milli Dram Teatrının kollektivi əsgərlərimizdə ruh yüksəkliyi yaratmaq, onlarda qələbəyə inam hissi aşılamaq üçün bütün gücü ilə çalışır, müxtəlif hərbi hissələrdə görüşlər keçirir və bu, hər zaman belə də olacaq”,- deyə A.Nemət bildirib.