AZƏRTAC-ın əməkdaşları “Azərpoçt”un müsabiqəsində qaliblər sırasında yer alıblar
Bakı, 7 oktyabr, AZƏRTAC
9 Oktyabr - Ümumdünya Poçt Günü ərəfəsində “Azərpoçt” MMC və Mətbuat Şurası tərəfindən “Ənənəvi poçtun müasir dünyada və Azərbaycanda transformasiyası” mövzusunda keçirilən yazı müsabiqəsinin qalibləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, oktyabrın 6-da Nizami Kino Mərkəzində qaliblər elan olunub. AZƏRTAC-ın əməkdaşları - Pərvanə Qafarova yazı müsabiqəsində birinci, Abdulla Suvar ikinci yerə, Vüsal Nəbiyev isə həvəsləndirici mükafata layiq görülüb.
Müsabiqənin nəticələrinə əsasən, I yerə, həmçinin “Report” İnformasiya Agentliyinin baş redaktor müavini İlahə Məmmədli və “İki sahil” qəzetinin əməkdaşı Yaqut Aslanova, II yerə isə “Yenisabah.az” saytının əməkdaşı Nazim Hacıyev və “Səs” qəzetinin jurnalisti Lala Mehrəliyeva da layiq görülüblər. Müsabiqənin digər iştirakçılarına isə sertifikatlar təqdim olunub.
Mükafatlandırma mərasimində I və II yerlərin sahiblərinə diplomlar, pul mükafatları və Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi münasibətilə buraxılmış markalar təqdim edilib.