AZƏRTAC-İTAR-TASS: QARŞILIQLI ƏMƏKDAŞLIĞIN GENİŞLƏNDİRİLMƏSİ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC-ın baş direktoru Aslan Aslanov və İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko görüşdə çıxış edərək, indiki qloballaşma dövründə qarşılıqlı əməkdaşlığın, o cümlədən informasiya mübadiləsinin genişləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulamışlar.
Bildirilmişdir ki, son illər ərzində Azərbaycan-Rusiya əlaqələrinin bütün sahələrdə intensiv inkişafı ölkələrimizin aparıcı informasiya agentlikləri arasında əməkdaşlığa da yeni məzmun vermişdir. 2004-cü il fevralın 6-da, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində AZƏRTAC ilə İTAR-TASS arasında informasiya sahəsində əməkdaşlıq haqqında imzalanmış saziş, habelə həmin sazişin icrasına dair bu ilin martında imzalanmış protokol bu baxımdan lazımi hüquqi baza yaratmışdır.
Qeyd olunmuşdur ki, AZƏRTAC zəngin ənənələrə malik, planetin ən böyük informasiya agentliklərindən olan İTAR-TASS-ın imkanlarından istifadə edilməklə Azərbaycan həqiqətlərinin dünya informsiya məkanında daha geniş yayılmasında, habelə bu agentliyin təcrübəsindən, o cümlədən müasir informasiya texnlologiyaları sahəsindəki təcrübəsindən istifadə olunmasında maraqlıdır.
V.İqnatenko son illər ərzində Azərbaycanda gedən və kənardan gələnlərin elə ilk baxışdan diqqətini cəlb edən iqtisadi inkişaf barədə məlumatların dünya informasiya məkanına geniş şəkildə çıxarılmasına xüsusi diqqət yetirilməsinin əhəmiyyətini vurğulamış və bu işdə İTAR-TASS-ın lazımi kömək göstərməyə hazır olduğunu bildirmişdir.
Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılmış, konkret təkliflər verilmişdir.