AZƏRTAC media nümayəndələri arasında keçirilən atıcılıq turnirinin qalibi olub VİDEO
Bakı, 7 may, Məhərrəm Əlioğlu, AZƏRTAC
Mayın 7-də Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mətbuat nümayəndələri arasında üçüncü atıcılıq turniri keçirib. AZƏRTAC-ın komandası turnirin qalibi olub.
AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik ruhunda tərbiyəsində KİV-in rolunun artırılmasıdır.
Xidmətin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında keçirilən turnirdə hər biri 3 nəfərdən ibarət 17 komanda iştirak edib.
Turnirin açılışında çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev yarış iştirakçılarına uğurlar arzulayıb, Ulu Öndərin mətbuata diqqət və qayğısından danışıb. Bildirib ki, media nümayəndələri arasında artıq ənənəvi olaraq təşkil edilən bu yarışlar, eyni zamanda, jurnalistlərin Xidmətin fəaliyyəti ilə yaxından tanış olmasına və əməkdaşlıq imkanlarının artmasına şərait yaradır.
Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixində müstəsna yeri olduğunu vurğulayan Z.Abdullayev deyib ki, Ümummilli Lider müasir demokratik vətəndaş cəmiyyətinin və dövlət quruculuğu prosesinin əsasını qoyub. Ulu Öndərin siyasi iradəsi sayəsində medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazası beynəlxalq standartlara uyğunlaşdırılıb, mətbuatın inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirilib. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev də mətbuata hərtərəfli dəstək verir, kütləvi informasiya vasitələrinin daha da inkişaf etməsi üçün geniş imkanlar yaradır.
“Hazırda media qarşısında duran mühüm vəzifələrdən biri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu siyasət nəticəsində ordumuzun gündən-günə artan gücünü və iradəsini dünyaya çatdırmaqdır. Bu turnir də peşəsindən asılı olmayaraq hər bir vətəndaşın Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olduğunu göstərir. Ali Baş Komandanın rəhbərlik etdiyi orduya xalqın möhkəm inamı var. İnam isə ordunu və xalqı qələbəyə aparan əsas amillərdən biridir” - deyə Xidmət rəisinin birinci müavini bildirib.
General-mayor Z.Abdullayev vurğulayıb ki, aprel ayının əvvəllərində qoşunların təmas xəttində baş verən hadisələr zamanı Azərbaycan mətbuatı əsl peşəkarlıq və vətənpərvərlik nümayiş etdirib. Əksər mətbuat orqanları dəqiqləşdirilmiş məlumatları yaymaqla, hərbi əməliyyatlardakı qələbəmizə dəstək və töhfə veriblər.
Sonra turnirə start verilib. İki mərhələdə keçirilən yarışda AZƏRTAC-ın komandası ən yüksək nəticə göstərərək 124 xalla birinci yeri tutub. Trend-Milli.az-ın komandası ikinci, “Səs” İnformasiya Agentliyinin əməkdaşları isə üçüncü yerə çıxıblar.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev qalibləri təbrik edib.
Turnirin qalibi olan AZƏRTAC-ın komandasına kubok, medal və diplom təqdim edilib.