İQTİSADİYYAT
“AzInTelecom”un Sertifikatlaşma üzrə sınaq laboratoriyası elektromaqnit uzlaşma üzrə akkreditasiyadan keçib
Bakı, 20 iyul, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin Sertifikatlaşma üzrə sınaq laboratoriyası şöbəsi elektromaqnit uzlaşma (EMC –Electromagnetic compatibility) üzrə akkreditasiya sahəsini genişləndirib.
MMC-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Akkreditasiya Mərkəzi (AZAK) tərəfindən keçirilmiş yoxlamanın nəticələrinə əsasən, Sertifikatlaşma üzrə sınaq laboratoriyası uyğunluq sınaqları sahəsində RF sınaqları (radiotezlik spektrindən istifadə) üzrə mövcud akkreditasiya sahəsi AZAK-ın 1/SD 0669-22 UQQ AD saylı 2022-ci il 4 iyul tarixli qərarı ilə elektromaqnit uzlaşma (EMC) sınaqları istiqamətində inkişaf etdirilib.
Həmçinin cari il ərzində MMC-nin məhsulların, işlərin, xidmətlərin sertifikatlaşdırılması orqanı kimi də EMC üzrə akkreditasiya sahəsini genişləndirməsi nəzərdə tutulub.
Hazırda “AzInTelecom” sertifikatlaşdırma orqanı kimi telekommunikasiya vasitə və qurğularının (TVQ) radiotezliklər və təhlükəsizlik göstəriciləri üzrə müvafiq sertifikatlaşdırılmasını həyata keçirir.
Yenilənmiş RF + EMC akkreditasiya sahəsi ilə qeyd olunan linkdən tanış ola bilərsiniz: https://azin.drive.azcloud.az/index.php/s/M4bS5PJDnXL33x5