İQTİSADİYYAT
Azln Telecom” bulud texnologiyalarına çıxışın asanlaşdırılması məqsədilə dövlət qurumları ilə əməkdaşlıq edir
Bakı, 11 oktyabr, AZƏRTAC
“Azln Telecom” bulud texnologiyalarına çıxışın asanlaşdırılması məqsədilə dövlət qurumları ilə əməkdaşlıq edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda keçirilən “InMerge” innovasiya sammitində “Azln Telecom” MMC İdarə Heyətinin sədri Elxan Əzizov bildirib.
Şirkətin rəhbəri deyib: “Biz bulud texnologiyası provayderiyik. Həm dövlət, həm də özəl təşkilatlar üçün infrastruktur təmin edirik. Özəl sektordan, o cümlədən bir çox kiçik və orta müəssisədən 100-dən çox müştərimiz var. Bu yaxınlarda bizi beynəlxalq bulud provayderləri ilə bərabər səviyyəyə qaldıran və bulud texnologiyalarını yerli şirkətlər üçün daha əlçatan və funksional edən ictimai bulud platformamızı işə saldıq. Bu, əsas sahələrdən biridir və biz bulud texnologiyaları ilə bağlı öz xidmətlərini yerləşdirmək üzrə böyük xərcləri ödəyə bilməyən kiçik şirkətlərə kömək məqsədilə dövlət qurumları ilə işləyirik”.
O vurğulayıb ki, “Azln Telecom”un mühüm layihələrindən biri də biometrik autentifikasiyaya əsaslanan SİMA elektron sistemidir.
E.Əzizov əlavə edib: “Hazırda bizdə artıq 2,5 milyon tətbiq yükləməsi var və gündəlik olaraq sistemə 40 minə yaxın istifadəçi qoşulur”.
Bulud texnologiyaları təsnifi rəqəmsal məlumatların işlənməsini təmin edir. Onların vasitəsilə kompüter resursları internet istifadəçisinə onlayn xidmət kimi təqdim olunur.