ELM VƏ TƏHSİL
AzMİU-da seminar: “Bərk məişət tullantıları alternativ enerji mənbəyi kimi”
Bakı, 28 fevral, AZƏRTAC
Fevralın 28-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Təmiz Şəhər” Mərkəzində strateji planlaşdırma şöbəsinin təşkilatçılığı ilə “Təmiz Şəhər” ASC-nin nümayəndəsi tərəfindən növbəti maarifləndirici seminar keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, “Təmiz Şəhər” ASC-nin ətraf mühit və əməyin mühafizəsi üzrə şöbə müdiri Sabit Zeyniyevin apardığı seminarda su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin ekologiya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri iştirak ediblər.
“Bərk məişət tullantıları alternativ enerji mənbəyi kimi” mövzusuna həsr olunan seminarda tullantıdan enerjinin alınması məqsədilə müvafiq zavodlarda görülən işlərdən danışılıb. ASC-nin nümayəndəsi tələbələrə Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun fəaliyyəti barədə ətraflı məlumat verib. O, zavodun istehsalat gücünə görə Şərqi Avropada və MDB məkanında bu tipli ən iri müəssisə olduğunu vurğulayıb. Qeyd olunub ki, zavodda tullantılardan alınan enerji ilə Gəncə kimi böyük bir şəhəri təmin etmək mümkündür.