AZPROMO BMT-NİN LAYİHƏSİNƏ DƏSTƏK VERİR
BMT-nin İnkişaf Proqramı və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkil etdiyi tədbirdə ölkəmizdə ixtisaslaşdırılmış təhsilə dair yerli iş adamlarının ehtiyacları haqqında fikir mübadiləsi aparılmışdır. Müzakirələrdə iş adamları, QHT nümayəndələri iştirak etmişlər.
AZPROMO-nun prezidenti Emil Məcidov demişdir ki, araşdırmalara görə, ölkənin biznes icmasının yüksək biliyə malik kadrlara böyük ehtiyacı vardır. Məsələnin aktuallığını nəzərə alaraq, AZPROMO BMT-nin İnkişaf Proqramının təşəbbüsünə dəstək verməyi qərara almışdır.
Layihənin icraçısı professor Maykl Hopkins bildirmişdir ki, “Qara qızılın insan qızılına çevrilməsi” layihəsinin məqsədi neft gəlirlərinin qeyri-neft bölməsinin inkişafına yönəldilməsinin ən optimal yollarını araşdırmaqdır.
Dəyirmi masada özəl bölmənin ehtiyac duyduğu əsas biliklər, bu ehtiyacların müntəzəm ödənməsi yolları, təhsil sistemində islahatların aparılması, problemin həllinə özəl bölmənin töhfəsi barədə fikir mübadiləsi aparılmışdır. Azərbaycanın biznes icmasının nümayəndələri ixtisaslaşdırılmış təhsilə dair mülahizələrini bildirmiş, təkliflərini vermişlər.
Yekun sözündə Maykl Hopkins məsələyə yerli iş adamlarının münasibətinin öyrənilməsinin son dərəcə mühüm olduğunu vurğulamış, dəyirmi masada səslənən fikirlərin Azərbaycan hökumətinə təqdim ediləcək tövsiyələrdə əksini tapacağını bildirmişdir.