“Aztelekom” Zaqatalada 7000-dən artıq ev təsərrüfatına yüksəksürətli internetə qoşulma imkanı yaradıb VİDEO
Zaqatala, 8 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
“Aztelekom” MMC Zaqatala rayonunda 7036 ev təsərrüfatına GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb. Hazırda 4746 abunəçi müvafiq xidmətlərdən yararlanır.
Məhdud Məsuliyyətli Cəmiyyətin mətbuat katibi Alidə Mustafayeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Zaqatala rayonunun 11 kəndi, 1 qəsəbəsi və 1 massivində, həmçinin şəhərin 10 prospekt və 1 küçəsində işlər artıq tamamlanıb.
Hazırda rayonun Yuxarı Tala, Aşağı Tala, Yengiyan, Mosul, Muğanlı, Makov, Yolayrıc, Höytala, Paşan kəndlərində, şəhərin Heydər Əliyev prospekti, Faiq Əmirov, Anar Həmidov, İmam Şamil, Nizami, Vidadi, H.Z.Tağıyev və 28 May küçələrində isə işlər davam edir.
Yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri təklif olunur. Həmin paketlər aşağıdakı kimidir:
- internet;
- internet + telefoniya;
- internet + televiziya;
- internet + telefoniya + televiziya.
Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq, 18 AZN-dən 54 AZN-dək dəyişir.
Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə (ünvan: Zaqatala şəhəri, Heydər Əliyev prospekti 36), həmçinin qurumun rəsmi saytı vasitəsilə müraciət edə bilərlər.
Qeyd edək ki, müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrinin də yüksəksürətli internetlə təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.
Bu ilin 8 ayı ərzində 491 min ev təsərrüfatının genişzolaqlı internetə çıxışı təmin edilib. Ümumilikdə isə 1,3 milyondan çox ev təsərrüfatı üçün genişzolaqlı internetə qoşulma imkanı yaradılıb. Bu, ölkədə mövcud ev təsərrüfatlarının 49 faizini təşkil edir. Cari ilin sonuna kimi göstəricinin 55 faizə çatdırılması nəzərdə tutulur.