Babək rayonunda 20 Yanvar faciəsində həlak olanların xatirəsi anılmışdır
Babək, 15 yanvar (AZƏRTAC). Babək Rayon Mədəniyyət Evində səhiyyə işçilərinin iştirakı ilə 1990-cı ilin 20 Yanvar hadisələrinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Babək Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəlil Cəfərəliyev çıxış edərək bildirmişdir ki, xalqımızın milli azadlıq hərəkatında 20 Yanvar faciəsi son məqsədə çatmaq, müstəqil dövlətçilik ənənələrini bərpa etmək uğrunda mübarizədə mühüm mərhələ olmuşdur. Hadisələr bizi bütün dünyaya öz tarixi adət-ənənələrinə bağlı, müstəqil yaşamağa qadir, eyni zamanda, əyilməz bir xalq kimi tanıtmışdır. 20 Yanvar hadisələri Azərbaycan xalqının qəhrəmanlıq tarixində şərəfli bir səhifədir.
Qeyd olunmuşdur ki, ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi qiymət verilmişdir.
Ümummilli Liderimizin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar qəbul olunmuşdur. Bu qərarda 20 Yanvar hadisələrinə siyasi qiymət verilmiş, törədilən qırğının təşkilatçılarının məsuliyyətə cəlb olunması tələb edilmişdir. Qərarda 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında “Milli Matəm Günü” kimi qeyd olunması da öz əksini tapmışdır.
1992-ci il yanvarın 13-də “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin bəyanatı” qəbul olunmuş, Ulu Öndərimizin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilmişdir. 1994-cü ilin fevralında Milli Məclisin xüsusi sessiyasında Azərbaycana qoşun yeridilməsi xalqımıza qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Babək Rayon Mərkəzi Xəstəxanası ilk təşkilatının sədri Hüseyn İsmayılov, xəstəxananın baş həkiminin müavini Vəliqulu Həsənov və həkim Leylan Həsənova çıxış edərək bildirmişlər ki, 20 Yanvar faciəsinin qurbanları zaman ötdükcə yaddaşımızda, qəlblərimizdə əbədiləşmiş, azadlığın rəmzi abidəsinə çevrilmişlər. Bugünkü gənclik nikbindir, 20 Yanvar, o gecənin tarixə düşən qəhrəmanları ilə qürur duyur, bir xalq kimi sınmadığımıza, məğlub olmadığımıza görə iftixar hissi keçirir. Bu, qan yaddaşımıza yazılmış faciəli tariximizdir, eyni zamanda, qəhrəmanlıq salnaməmizdir. Əsrlər keçsə də, 1990-cı ilin 20 Yanvar hadisəsi heç vaxt yaddan çıxmayacaq, dönə-dönə xatırlanacaqdır. Şəhidlərimizin qanının hədər axmadığını, o qanlar bahasına bugünkü azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, tərəqqimizin bünövrəsinin qoyulduğunu gələcək nəsillər də böyük ehtiramla xatırlayacaqlar.