İDMAN
Badmintonçularımız beynəlxalq turnirdə birinci yeri tutublar
Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan badmintonçuları Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Zambiyanın paytaxtı Lusakada keçirilmiş “Zambia International 2018” turnirində uğurla çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, idmançılarımızdan Edi Reski Dviçayo onaltıdabir finalda Kalonde Şarlesə 2:0 (21:11, 21:7) hesabı ilə qalib gəlib. E.Dviçayo ardınca uqandalı Fred Kirabo üzərində 2:0 (21:10, 21:8) hesablı qələbə qazanıb.
Dörddəbir finalda Nigeriya badmintonçusu Qodvin Olofuanı 2:0 (21:3, 21:15) hesabı ilə məğlub edən Edi yarımfinala yüksəlib. Təmsilçimiz yarımfinalda Lüksemburq təmsilçisi Robert Mannı hər iki setdə məğlub edib - 2:0 (21:10, 21:12). Badmintonçumuz həlledici görüşdə nigeriyalı Anuoluvapo Juvon Opeyor üzərində 2:0 (21:11, 22:20) hesablı qalibiyyət əldə etməklə, kişilərin şəxsi yarışında “Zambia International 2018” turnirinin qalibi adını qazanıb.
Digər badmintonçumuz Ezmi Qovimuramadhoni də dörddəbir finaladək rəqiblərinə set vermədən irəliləyib. E.Qovimuramadhoni 1/16 finalda Botsvana, ardınca Zambiya təmsilçilərindən üstü olub - 2:0. O, dörddəbir finalda İordaniya badmintonçusu Bahaedin Əhməd Əlşannikə 1:2 hesabı ilə uduzub.
Kişilərin qoşa yarışında da turnirin qalibi adını badmintonçularımız qazanıblar. Mübarizəyə səkkizdəbir finaldan qoşulan Edi - Ezmi tandemi bu mərhələdə zambiyalı Dalitso Banda - Rodrik Mulenqa Mvansa cütünə 2:0 hesabı ilə qalib gəlib. Badmintonçularımız uğurlu çıxışlarını davamını Zambiya idmançıları Çepus Banda - Endryu Mumba ilə görüşdə də davam etdiriblər - 2:0. Yarımfinalda zambiyalı Nqosa Çonqo - Çizva Nakanda tandemini 2:0 hesabı ilə məğlub edən Edi və Ezmi finalda nigeriyalı Qodvin Olofua - Anuoluvapo Juvon Opeyori cütü üzərində 2:1 hesablı qələbə qazanmaqla kişilərin qoşa yarışında birinci olublar.