BAKI-AKTAU REYSİ İLƏ UÇAN AN-140 TƏYYARƏSİNDƏ QƏZAYA UĞRAYANLARIN ŞƏXSİYYƏTİ MÜƏYYƏNLƏŞDİRİLMİŞDİR
Konserndən bildirmişlər ki, Bakının Nardaran qəsəbəsi yaxınlığında tapılmış təyyarədə 5 heyət üzvündən əlavə, Azərbaycanın, Qazaxıstanın, Avstraliyanın, İngiltərənin, Türkiyənin və Gürcüstanın vətəndaşlarından ibarət 18 sərnişin var idi. Onların hamısı həlak olmuşdur. İlkin araşdırmaların nəticələrinə görə, təyyarəni kapitan Andrey Lavrinin rəhbərliyi ilə ikinci pilot Fərhad Qənbərli, bortmexanik Gennadi Çernışov, bortmühəndis Talıb Əliyev və stüardessa Anjelika Popovadan ibarət heyət idarə edirmiş.
Hüquq mühafizə orqanlarının, əlaqədar nazirliklərin, “Azərbaycan Hava Yolları” Dövlət Konserninin rəhbərləri və mütəxəssisləri, təcili tibbi yardım briqadaları hadisədən xəbər tutan kimi dərhal qəza yerinə gəlmişlər. Ətrafa və dənizə səpələnmiş cəsədlər hadisə yerindən götürülərək aparılmışdır.
Qəzanın səbəblərini araşdırmaq üçün xüsusi Dövlət Komissiyası yaradılmışdır.
“Azərbaycan Hava Yolları” Dövlət Konserni də xüsusi komissiya yaratmışdır. Bu komissiyanın tərkibinə MDB-nin Beynəlxalq Aviasiya Komissiyasının nümayəndələri, Dövlət Konserninin texniki heyətinin mütəxəssisləri, təyyarəni istehsal edən şirkətin ekspertləri daxildir.
Verilən məlumata görə, həlak olan sərnişinlər arasında Azərbaycan vətəndaşları İsa Abbasov, Namiq Abbasov, Təhməz Allahverdiyev, Nazim Cəfərov, Rasim Rəsulov, Qalina Nikulina, Oqtay Amanov, Aygün Baxşıyeva, Qızılgül Hüseynova, Natalya Kutsenko, Gürcüstan vətəndaşı Artsyanari (adı və atasının adı hələlik məlum deyil), Avstraliya vətəndaşı Alen Dekstermer, İngiltərə vətəndaşı Hardi Yan Ceyms, Türkiyə vətəndaşı Dəmir Ərdal, Qazaxıstan vətəndaşları Dmitri İsakov, Tatyana Qarnikova, Bulat Kalintayev və Aynur Süleymanova olmuşlar.
Xatırladaq ki, AN-140 təyyarəsinin qəzaya uğraması 2002-ci ildə İranda da baş vermişdi. Ukraynaya məxsus olan həmin təyyarə “İslam” aeroportuna yaxınlaşarkən qəzaya uğramış və nəticədə hava gəmisindəki 45 nəfərin hamısı həlak olmuşdu.