BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZM-in məzənnəsi 1 dollar üçün 4592,00 manata bərabər idi. USD/AZM T+0 aləti üzrə 1 milyon 295 min dollar həcmində əqd bağlanmışdır. Sessiyanın yekunlarına görə manatın məzənnəsi dəyişməmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZM T+0 aləti üzrə 600 min dollara bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 4592,00 manat olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 1 milyon 895 min dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 8 milyard 702 milyondur. Bir əqdə orta hesabla 236 875 dollar düşmüşdür.
USD/AZM T+1, T+2 və SWAP_USD/AZM alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AUR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə illik manatla 15,05 faiz, ABŞ dolları üzrə isə 15,34 faiz təşkil etmişdir.
Birjada banklar arasında kredit alətləri üzrə illik 17 faizlə 1 milyard manat həcmində bir əqd bağlanmışdır. Borcalma müddəti 30 gündür.