Bakı Beynəlxalq Kitab Sərgisində Bəhram Bağırzadənin kitablarının təqdimatı olub
Bakı, 12 noyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi davam edir. Sərgi çərçivəsində Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadənin kitablarının təqdimatı keçirilib.
Bəhram Bağırzadə AZƏRTAC-a müsahibəsində sərginin əhəmiyyətindən danışıb.
“Bakıda belə bir beynəlxalq kitab sərgisinin keçirilməsi məni oxucu kimi çox sevindirir. Çünki gənclərimiz sərgidə iştirak edir və burada təqdim olunan yeni nəşrlərdən bəhrələnirlər. İnanıram ki, onlar burada təqdim olunan kitabları alacaq, oxuyacaq və bu da onların dünyagörüşünün formalaşmasına öz müsbət təqsirini göstərəcək. Belə sərgilərin təşkili çox vacibdir. Burada istər naşirlərə, istərsə də oxuculara gözəl şərait yaradıldığı üçün təşkilatçılara minnətdarlığımı bildirirəm”.